Bu gün Azərbaycanın Gürcüstanda səfirliyinin təsis olunmasından 25 il ötür.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, diplomatik nümayəndəlik 1996-cı ilin martın 5-də rəsmi qeydiyyata alınıb və həmin ay Tbilisidə fəaliyyətə başlayıb.
1996-cı ilin mart ayı Azərbaycan-Gürcüstan münasibətləri üçün xüsusilə əlamətdar olub. Belə ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev dövlət başçısı kimi Gürcüstana ilk rəsmi səfərini 25 il öncə 8-10 mart tarixində edib.
Ulu öndərin tarixi hadisə adlandırdığı səfər çərçivəsində iki ölkə arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə və digər önəmli sənədlər imzalanıb. Həmin sənədlər gələcək ikitərəfli əməkdaşlıq üçün hüquqi baza formalaşdırıb.
1996-2004-cü illərdə Azərbaycanın Gürcüstanda səfiri Hacan Hacıyev olub. Azərbaycanın qonşu ölkədəki ilk səfiri Məmməd Yusif Cəfərov hesab olunur. O, 1918‐ci ilin iyun ayının axırlarından 1919‐cu ilin martın ortalarına kimi Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikasında diplomatik nümayəndəsi vəzifəsini tutub.