Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə 20 Yanvar faciəsinin ildönümü ərəfəsində şəhid ailələri ilə görüşlər keçirilib, onlara yardım göstərilib.
"Report" xəbər verir ki, səfirliyin əməkdaşları Qardabani və Marneuli rayonlarında olublar.
Qardabani rayonunun Ağtəhlə kəndində 20 Yanvar şəhidi İsmayılov Rəşid İslam oğlunun ailəsinə baş çəkilib. Şəhidin ailəsinə başsağlığı verib, faciə qurbanlarının xatirəsinin daim əziz tutulduğunu qeyd edilib.
Səfirliyin digər nümayəndələri, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusifov, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin rəhbəri Murad Muradov isə Marneuli rayonunun Algeti kəndində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldımış abidəni ziyarət ediblər.
Sonra Kirəc-Muğanlı kəndində 20 Yanvar şəhidi Eminov Vəfadar Osman oğlunun ailə üzvlərinə baş çəkilib. Qızılhacılı kəndində “20 Yanvar” şəhidi Mursaqulov İsmayıl Həsən oğlunun ailə üzvləri ziyarət olunub.
Şəhid ailələrinə ərzaq yardımı göstərilib, ehsan süfrəsi açılıb.