Gürcüstan səfiri Milli Məclisin deputatları ilə görüşüb
- 02 mart, 2022
- 11:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Milli Məclisin deputatları ilə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan səfirliyi məlumat yayıb.
Diplomatik nümayəndəlikdə baş tutan görüşdə Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev, qrup üzvləri Əminə Ağazadə və Cavid Osmanov iştirak ediblər.
Tərəflər siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə Gürcüstan-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərini müzakirə ediblər. Görüşdə həmçinin parlamentdəki dostluq qrupları arasında əməkdaşlığın cari məsələləri və gələcək planları ətrafında da fikir mübadiləsi aparılıb.
Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının, həmçinin iki ölkənin xalqları arasında tarixən mövcud mehriban qonşuluq və dostluq münasibətlərinin önəmi vurğulanıb.
Görüşdə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ilə bağlı müxtəlif birgə tədbirlərin keçirilməsinə dair razılıq da əldə olunub.
Səfirlikdən qeyd olunub ki, dostluq qrupları arasında sıx münasibətlər qurulub ki, bu da parlament formatında əməkdaşlıq və təcrübə mübadiləsinə imkan verir.