Yuxarı

Gürcüstan prezidenti: “Azərbaycanlıların gürcü dilini öyrənmələri çox vacibdir” - YENİLƏNİB

Giorgi Marqvelaşvili yaxın günlərdə məktəbə hər cür köməyin göstəriləcəyini bildirib

*** 13:55

Tbilisi. 14 aprel. REPORT.AZ/ Gürcüstan prezidenti Giorgi Marqvelashvili aprelin 14-də azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunun Qaracalar kəndində olub.

“Report”un xəbərinə görə, prezident Gürcüstanın Elm və Təhsil Nazirliyinin Qaracalar kənd ümumi məktəbində təhsil ocağının müəllim və şagirdlərini Milli Ana Dili Günü münasibətilə təbrik edib. Dövlət başçısı məktəbdə həyata keçirilən “Gürcü dilini öyrənək” layihəsi ilə maraqlanıb.

İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin “Gürcüstanda milli azlıqların sıx yaşadıqları regionlarda dövlət dili və konstitusiyanın əsaslarının tezləşdirilmiş metodlarla inteqrativ tədrisi” proqram çərçivəsində həyata keçirilən layihənin məqsədi azərbaycanlıların və digər milli azlıqların gürcü dilini öyrənmələrinə inteqrasiyasına yardım etməkdir.

Gürcüstan prezidenti sinif otaqlarını gəzib, məktəblilərin ifasında rəqs nömrələrinə tamaşa edib.

Prezidentin adından məktəblilərə gürcü dilini daha yaxşı öyrənmək üçün kitab və digər ləvazimatlar verilib.

Bildirilib ki, məktəbdə 650-yə yaxın şagird öz istəklərinə uyğun olaraq Azərbaycan və gürcü dili bölmələrində təhsil alırlar. Onların təhsil, təlim və tərbiyəsi ilə 55 müəllim məşğul olur. Müəllimlərin 28-i azərbaycanlı, 27-si isə gürcülərdir. Eyni zamanda, həyata keçirilən layihə əsasında 60-a yaxın kənd sakini məktəbdə gürcü dilini öyrənir.

Prezident bildirib ki, gürcü dili rəsmi dövlət dilidir və onu öyrənmək vacibdir. Dövlət başçısı azərbaycanlıların gürcü dilini öyrənmələrini yüksək qiymətləndirib, azərbaycanlılarla gürcülərin dostluğunun başqa millətlər üçün də nümunə olduğunu söyləyib.

G.Marqvelaşvili məktəbin kollektivinə və şagirdlərə uğurlar arzulayıb, gürcü dilini öyrənmələri və digər problemlərinin həllinə yardım göstərəcəyini bildirib.

Qeyd edək ki, Qaracalar kənd ümumi məktəbi 2010-2011-ci illərdə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində tikilib. Məktəbin birinci mərtəbəsində Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Gürcüstana səfərlərini, keçirdikləri görüşləri əks etdirən foto guşə yaradılıb.

Məktəb üçmərtəbəlidir və burada 30 sinif otağı, idman zalı və fənn kabinələri var.

Məktəbin direktoru İmran Səfərov bildirib ki, Qaracalar kənd məktəbi quruluşuna, burada yaradılan şəraitə görə nümunəvi tədris müəssisəsi hesab olunur. Burada şagirdlərin normal təhsil almaları üçün hər cür şərait var. Gürcüstan prezidentinin buraya səfər etməsi də təsadüfi deyil. Həmin layihə prezident G.Marqvelaşvilini təşəbbüsü ilə burada reallaşdırılır.

Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xzinaşvili “Report”a bildirib ki, bu kəndin əhalisi, xüsusən də məktəblilər gürcü dilini öyrənməkdə maraqlıdırlar. Bunun üçün hər cür şərait yaradılıb: “Biz Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımızı bildiririk ki, Gürcüstana böyük diqqət və qayğı göstərir. İlham Əliyevin göstərişinə əsasən SOCAR şirkəti Gürcüstanda bir neçə məktəbi əsaslı təmir edib və yenidən qurub. Bu yaxınlarda biz Marneuli rayonunun Lecbəddin kəndində də məktəbin açılışını etdik. Qaracalar kənd məktəbi də Azərbaycan tərəfinin, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilib. Biz bunu unutmuruq və hər zaman dərin minnətdarlıq hissi ilə xatırlayırıq”.

“Azərbaycan Prezidentinin bizə dost münasibəti əlaqələrimizi, qardaşlığımızı daha da möhkəmləndirir”, - deyə Paata Xzinaşvili vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi