“Gürcüstan 2021-ci ildə GUAM-a sədrliyi dövründə təşkilat daxilində qarşılıqlı əlaqələr, siyasi, sektorlararası və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, həmçinin insanlar arasında əlaqələrin dərinləşdirilməsini diqqət mərkəzində saxlayacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani təşkilatın Xarici İşlər Nazirləri Şurasının onlayn formatda keçirilən toplantısında bildirib.
O qeyd edib ki, gələn ilin yanvarın 1-dən Gürcüstan bir il müddətinə GUAM-a sədrliyi Azərbaycandan təhvil alacaq.
D.Zalkalianinin həmkarları Gürcüstana sədrlik postunda uğurlar arzu ediblər, həmçinin onu ölkədə keçirilən parlament seçkiləri və hökumətin təsdiqlənməsi münasibətilə təbrik ediblər.
Görüşdə nazirlər koronavirus pandemiyası dövründə təşkilatın və işçi qrupların fəaliyyətini nəzərdən keçiriblər. Tərəflər pandemiyanın yaratdığı çətinliklər fonunda GUAM-a üzv ölkələrin gömrük orqanları arasında fəal və uğurlu əməkdaşlığın son dərəcə vacib olduğunu bildiriblər.
Toplantıda həmçinin təşkilatın gündəliyində duran siyasi, sahələrarası, parlamentlərarası və tərəfdaşlarla əməkdaşlıq məsələləri də müzakirə olunub.
Nazirlər “GUAM+” əməkdaşlıq formatı çərçivəsində əsas tərəfdaş ölkələrlə əməkdaşlığı müsbət qiymətləndiriblər və digər ölkələrlə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Yeni tərəfdaşlar kontekstində İsrail dövləti ilə əməkdaşlığın qurulmasının mümkünlüyü xüsusilə qeyd edilib.
Sonda təşkilati məsələlərlə bağlı qərarlar və onlayn toplantının protokolu imzalanıb.