“Samtsxe Cavaxeti bölgəsində yerləşən Qoman kəndindəki abidəni ermənilər qəsdən dağıdıblar”.
Bunu “Report”un yerli bürosuna açıqlamasında gürcü tarixçi, Suxum Dövlət Universitetinin professoru Quram Marxuliya bildirib.
Onun sözlərinə görə, hazırkı “Surb Qriqor Lusavoriç” erməni kilsəsi gürcü kilsəsinin fundamenti üzərində tikilib: “Ermənilərin özləri həmin kilsəni bərpa etmək adı altında erməniləşdiriblər. İndi isə məbədi qəsdən və məqsədyönlü şəkildə uçururlar. Bu, gürcü kilsələrinin ermənilər tərəfindən mənimsənilməsi, ermənilərin bu ərazilərdə məskunlaşması tarixini təhrif etmək məqsədi daşıyır”.
Tarixçi hesab edir ki, digər məqsəd ermənilər və gürcülər arasında dini zəmində gərginlik yaratmaqdır: “Gürcülər və azərbaycanlılar arasındakı münasibətləri sarsıda bilməyənlər indi də bu təxribatlara əl atırlar. Ermənilər öz geosiyasi ambisiyalarının qurbanına çevriliblər. Ermənistan mətbuatı məbəd ərazisində qanunsuz aparılan qazıntı işlərini gürcülərin müqəddəs yeri təhqir etmələri kimi təqdim edir. Gürcüstanda müqəddəs yerlər hansı dinə mənsubluğundan asılı olmayaraq heç vaxt nə təhqir oluna, nə də dağıdıla bilər. Bu, mümkün deyil”.
Q.Marxuliya deyib ki, Samtsxe Cavaxeti bölgəsində kilsə ilə bağlı son yaşananlar ilk belə hadisə deyil: “Belə ki, 2017-ci ilin sentyabrında Kumurdo kəndində yerli ermənilər bərpası davam etdirilən kilsənin ərazisinə zorla daxil olmağa cəhd ediblər və nəticədə polislə qarşıdurma baş verib. Onların məqsədi məbəd ərazisində xaçkar quraşdırmaq idi. Son baş verən hadisə də bu prosesin davamıdır. Harada yaşamasından asılı olmayaraq, ermənilər həmin yerlərdə xaçkarlar quraşdırmağa cəhd edirlər. Bununla da onlar dünya ictimaiyyətini inandırmağa və şübhələndirməyə çalışırlar ki, iddia etdikləri torpaqlar guya ermənilərə məxsus olub. Tarixən gürcü çarları və xalqı ermənilərə sığınmaq üçün torpaqlar verib və onların normal yaşamaları üçün bütün imkanları yaradıblar. Lakin görünən odur ki, ermənilər nə xristian, nə də müsəlmanlarla birgə yaşaya bilirlər”.