Yuxarı
    Bağlamaq

    Gürcü deputatlar: “Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir”

    Azərbaycanlılarla yanaşı gürcü xalqının nümayəndələri də Xocalı faciəsini ürək ağrısı ilə xatırlayır

    Tbilisi. 26 fevral. REPORT.AZ/ Gürcüstanda yaşayan azərbaycanlılarla yanaşı gürcü xalqının nümayəndələri də Xocalı faciəsini ürək ağrısı ilə xatırlayır, şəhidlərin xatirəsini hər zaman ehtiramla yad edirlər.

    Gürcüstan Parlamentinin Qafqaz və diaspor məsələləri komitəsinin sədri Zviad Kvaçantiradze “Report”un Gürcüstan bürosuna müsahibəsində Xocalı faciəsinin Azərbaycan tarixində ən qara səhifələrdən biri olduğunu bildirib:

    "Bu faciədə Xocalı qəsəbəsində 600-dən çox azərbaycanlı həlak olub. Bu, heç zaman təkrarlanmaması üçün bizə dərs olmalıdır. Biz gürcülər torpaqlarımız uğrunda mübarizənin nə olduğunu yaxşı bilirik. Ona görə də bu mövzu barədə çox diqqətlə danışmaq lazımdır. Bu faciəni sözlə ifadə etmək çox çətindir. Biz Gürcüstanda bu faciəni yaşamışıq. Sxinvali bölgəsində elə kəndlər olub ki, yer üzündən silinib və minlərlə gürcü öz doğma torpaqlarından qovulub. Bu hadisələrin ssenarisi nə Bakıda, nə İrəvanda, nə də Sxinvalidə yazılıb. Cənubi Qafqazda xalqların başına gətirilən oyunlar məsuliyyətsiz rəhbərlərin sayəsində baş verib. Bir gün onların cəzası veriləcək. Biz elə etməliyik ki, xalqlarımız arasında əvvəlki ünsiyyət, dostluq, bir-birimizə olan inam yenə də yaransın”.

    Gürcüstan parlamentinin digər deputatı Ruslan Hacıyev isə bildirib ki, Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş böyük bir faciədir:

    "Biz, Gürcüstanda yaşayan azərbaycanlılar da bunu ürək ağrısı ilə qarşılayırıq. Bu təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş qatı bir cinayətdir. Biz deputatlar olaraq Xocalı soyqırımı, 20 Yanvar faciəsi, eləcə də, Gürcüstanın özünün üzləşdiyi problemlər, 9 Aprel hadisələri, işğal altında olan torpaqlarımızdakı faciələr barədə məsələləri tez-tez qaldırırıq. Keçirdiyimiz və iştirak etdiyimiz tədbirlərdə bu məsələlərdən danışırıq, dostlarımızın köməyi ilə bu faciələr barədə dünya ictimaiyyətini məlumatlandırırıq. Məqsədimiz dünya ictimaiyyətini məlumatlandırmaqla bu cür cinayətləri törədənlərin cəzalandırılmasına və bir daha təkrarlanmamasına nail olmaqdır".

    Deputat Tamaz Naveriani deyib: “Xocalı soyqırımı mənim də qəlbimdə dərin iz buraxıb. Mən hər zaman bu faciəni ürək ağrısı ilə qarşılayıram, şəhidlərimizin xatirəsini ehtiramla anıram. Mən Azərbaycan və gürcü xalqları arasında fərq qoymuram, bunlar iki dost və qardaş xalqlardır. Azərbaycanlıların ağrı-acısı, problemləri həm də mənim problemimdir. Mən daim bizə dost və qardaş olan Azərbaycan xalqının yanındayam. Çalışıram və bundan sonra da çalışacağam ki, azərbaycanlılarla bağlı tədbirlərdə iştirak edim, onların problemlərinin həllinə köməklik göstərim”.

    “Xocalı faciəsinin soyqırımı kimi tanınması da bizim üçün vacibdir və buna da çalışacağam” – deyə, Naveriani əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi