Fevralın 6-da Türkiyə Cümhuriyyətinin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədilə bir neçə şəhər və rayonlarda toplanan yardım Gəncə şəhərindən 11 TIR ilə yola salınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, yardım Şəki, Balakən, Göygöl, Zərdab, Ucar, Göyçay, Masallı, Şəmkir, Beyləqan, Tərtər, Ağdam, Yevlax, Füzuli və Lənkəran şəhərindən və bəzi idarə və müəssisələrdən gətirilib.
Qardaş ölkəyə yardım kampaniyasına Gəncə şəhər, Samux və Gədəbəy rayon məktəbləri də qoşulub.
Toplamda 143 ton olan yardımlar xüsusi olaraq ayrılmış TIR-lara yüklənib.
Göndərilən ləvazimatlar isə, əsasən isti paltarlar, istilik vasitələri, yorğanlar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibbi və gigiyenik ləvazimatlar, generator və digər zəruri əşyalardır.
Yardım karvanı Bakı-Qazax-Gürcüstan magistral yolu ilə təyin olunmuş ünvana yol şəraiti nəzərə alınaraq tez bir zamanda çatdırılması üçün dayanmadan hərəkət edəcək.
Qeyd edək ki, qardaş ölkəyə humanitar yardım davam etdirilir və növbəti günlərdə yardım karvanı yenidən yola salınacaq.