“Azərbaycan bu gün Ermənistanla münasibətdə, sülh müqaviləsinin imzalanması kimi məsələlərdə heç bir təzyiqi qəbul etmir”.
Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev "ARB 24" televiziya kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, "3+3" platforması Vətən müharibəsindəki böyük qələbəmizdən sonra təklif olunub: “Açığı, bu platforma indiyədək o qədər də aktiv deyildi. Ancaq biz Azərbaycan dövləti olaraq digər platformaların uğurlu olmadığını gördük. Bu gün bir sıra ölkələrin bu platformaya cəlb edilməsi cəhdi müşahidə olunur. Həmin ölkələr nə region ölkələridir, nə də burada sülhün bərqərar olunmasında maraqlıdırlar. "3+3" platforması region üçün ən uyğun platformadır, lakin təəssüf ki, Gürcüstan burada iştirak etmir. Gürcüstanın üç Cənubi Qafqaz ölkəsinin birgə masa arxasında oturub problemləri həll etmək kimi bir təklifi var. Lakin hesab edirəm ki, Türkiyə, Rusiya və İranın bu platformada iştirakı regionda sülhün dayanıqlı olması baxımından daha unikaldır”.
Agentlik rəhbəri bildirib ki, bu gün Ermənistanın manevr imkanları tükənib: “Ermənistandakı bütün qüvvələr artıq sülh danışıqlarına oturmaqdan başqa bir variantın qalmadığını anlamalıdır. Baxmayaraq ki, biz hələ də Ermənistanda bəzi qüvvələrin revanşist çağırışlarını görürük. Lakin bütün bunlara baxmayaraq, fikrimcə, sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayıb. Ermənistan müxalifəti Azərbaycanla sülh müqaviləsi məsələsini Paşinyan əleyhinə bir kart kimi istifadə edir. Çünki Paşinyanın ətrafında olan qüvvələr bunu daha çox istəyir, nəinki onun opponentləri. Ancaq ermənilər anlamalıdırlar ki, regionda sülh bərqərar olunduqdan sonra onların da sosial vəziyyəti yaxşılaşacaq. İqtisadi, sosial layihələr, həmçinin kommunikasiyaların açılması birinci Ermənistanın özü üçün lazımdır”.
Media rəsmisi, həmçinin əlavə edib ki, Azərbaycan istənilən platformada sülh danışıqlarına hazırdır: “Azərbaycan heç kimdən asılı olmayan müstəqil xarici siyasət həyata keçirir və bütün qərarlar Bakıda verilir. Ermənistan tərəfinə baxdıqda isə burada qüvvələrin bir qisminin Rusiya, digər qisminin Fransa və Qərbə yönəldiyini görürük. Hazırda bu ölkənin konkret olaraq hansı mərkəzdən idarə olunduğunu bilmirəm. İdarəetmə İrəvandan hansısa başqa paytaxtlara verilib. Bu isə vəziyyəti daha da qarışdırır. Bütün bunları nəzərə alaraq "3+3" platformasını ən uğurlu platforma hesab etmək olar, çünki Ermənistan istisna olmaqla sözügedən platformaya daxil olan ölkələr öz qərarlarını verə biləcək ölkələrdir. Bir məsələni də qeyd etmək yerinə düşər ki, "3+3" platforması ABŞ-a və Qərbə uyğun platforma deyil. ABŞ dövlət departamentinin mətbuat katibi Metyu Millerin son açıqlaması da bu fikri təsdiqləyir”.
F.Hüseynəliyev vurğulayıb ki, Azərbaycan bu gün Ermənistanla münasibətdə, sülh müqaviləsinin imzalanması kimi məsələlərdə heç bir təzyiqi qəbul etmir: “Biz bunu daha öncə Qranadada keçirilən görüş fonunda da müşahidə etdik. Ola biləcək heç bir təzyiqə baxmadan görüşdən imtina edildi. Bu isə o deməkdir ki, Azərbaycan dövləti və onun lideri heç bir təzyiqi qəbul etmir. Fikrimcə, dünya gücləri də bunu anlayır və başa düşür ki, Azərbaycan regionda sülh istəyir”.