"Ağdamdakı dağıntıların miqyası çox böyükdür. Gördüklərim mənə Birinci Dünya müharibəsi zamanı Fransanın şərqində törədilən dağıntıları xatırlatdı".
Bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında Fransanın Strateji Araşdırmalar Fondunun direktor müavini, politoloq Bruno Tertrais bildirib.
Onun sözlərinə görə, ermənilər tərəfindən 30 ildir Dağlıq Qarabağda törədilən dağıntıların bərpasına ən azı 10-20 il müddət tələb olunur: "Ağdamda olmuşam. Ordakı dağıntıların miqyası çox böyükdür. Gördüklərim mənə Birinci Dünya müharibəsi illərində Fransanın şərqində törədilən dağıntıları xatırlatdı. Dağlıq Qarabağda 30 il ərzində törədilən bu dağıntıların bərpası üçün çox vaxt lazımdır. Əhalisinin geri qayıda bilməsi üçün əvvəlcə infrastruktur yenidən qurulmalı və ərazi minalardan təmizlənməlidir. Bu on, hətta iyirmi ilin işidir".
B.Tertrais Fransanın regionda sülhün bərpa olunmasındakı roluna da toxunub: "Bu gün Azərbaycanla Fransa arasındakı münasibətlər yaxşı səviyyədədir. Fransanın Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasındakı rolu Bakı və Yerevandan asılıdır. Fikrimcə, rəsmi Paris hər iki tərəf istəyəcəyi təqdirdə bu işə öz töhfəsini verə bilər".