Fransa parlamentində Azərbaycanla bağlı tədbir keçirilib - YENİLƏNİB

Fransa parlamentində Azərbaycanla bağlı tədbir keçirilib - YENİLƏNİB Fransa Milli Assambleyasında Qadın hüquqları, Şərqlə Qərbin qovuşağında Azərbaycan nümunə kimi adlı seminar keçirilib.
Xarici siyasət
7 İyun , 2019 17:28
Fransa parlamentində Azərbaycanla bağlı tədbir keçirilib - YENİLƏNİB
Report

Fransa Milli Assambleyasında "Qadın hüquqları, Şərqlə Qərbin qovuşağında Azərbaycan nümunə kimi" adlı seminar keçirilib.

"Report"un Fransa bürosu xəbər verir ki, tədbiri Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alən Rafan açaraq Azərbaycanda qadınlara səsvermə hüququnun tarixi əhəmiyyətinə toxunub, bu tarixi təcrübənin bölüşülməsinin vacibliyini bildirib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qadınlara səsvermə hüququna imza atan Azərbaycan Xalq Cümhuriyyəti, onun demokratik cəmiyyətin qurulması naminə atdığı tarixi addımlar haqqında danışıb. Səfir AXC-nin dinindən, cinsindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarına yüz il əvvəl eyni hüquqlar verdiyini xüsusi qeyd edib.

Bakı Dövlət Universitetinin professoru, tarixçi Lətifə Əliyeva Azərbaycanda qadınlara səsvermə hüququnun tarixi haqqında ətraflı məlumat verib. Professor qadınlara səsvermə hüququnun verilməsində, qadınların hüquqlarının müdafiəsində azərbaycanlı ziyalıların və Azərbaycan mətbuatının əvəzolunmaz rolundan danışıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbir iştirakçılarına Azərbaycanda qadın hüquqları, gender bərabərliyi sahəsində görülən tədbirlər haqqında ətraflı məlumat verib. Dövlət Komitəsinin sədri bu sahədə kişilərin qadınlarla həmrəy, çiyin-çiyinə çalışdıqlarını bildirib. O, bu səbəbdən də Azərbaycanda feminizmin hər zaman zəif inkişaf etdiyini, tarix boyu kişilərin qadınların rifahı, hüquqları, inkişafı naminə çalışdıqlarını söyləyib. H.Hüseynova Ermənistanın işğalı nəticəsində öz torpaqlarından didərgin düşən azərbaycanlı qadınların vəziyyətinə, bu təcavüzün qadınların hüquqlarına vurduğu hədsiz zərərlərə də toxunub, onların problemlərinin hər zaman Azərbaycan dövlətinin nəzəratində olduğunu vurğulayıb.

Milli Məclisinin deputatı Sahibə Qafarova Azərbaycanda qadın hüquqları, qadınların rifahi naminə qanunvericilik sahəsində görülən işlər haqqında seminar iştirakçılarına ətraflı məlumat verib.

Fransa Milli Assambleyasında Qadın hüquqları və qadınlarla kişilər arasında bərabər imkanlar üzrə nümayəndə heyətinin prezidenti, deputat Mari-Pyer Riksən Azərbaycanda qadınlara səsvermə hüququnun uzun və şərəfli tarixi və bu gün də qadın hüquqları sahəsində ölkədə aparılan işləri yüksək qiymətləndirdiyini bildirib.

Fransalı yazıçı-publisist Jan-Lui Quro Azərbaycanda qadınların malik olduğu imkanları və hüquqlarının heç bir müsəlman ölkəsi ilə müqayisəyə gəlmədiyini söyləyib. O hətta "ərəb baharı"nın da baş verdiyi ölkələrdə qadın hüquqları sahəsində böyük irəliləyişin əldə edilmədiyini, Azərbaycanda olan bu zəngin ənənənin böyük miras olduğunu və bu gün də uğurla yaşadıldığını vurğulayıb. 


*** 12:15

Fransa Milli Assambleyasında "Qadın hüquqları, Şərqlə Qərbin qovuşağında Azərbaycan nümunə kimi" adlı seminar işə başlayıb.

"Report"un Fransa bürosu xəbər verir ki, tədbir Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun təşkilatçılığı ilə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə keçirilir. 

Seminarda Fransa Milli Assambleyasında Qadın hüquqları və qadınlarla kişilər arasında bərabər imkanlar üzrə nümayəndə heyətinin prezidenti, deputat Mari-Pyer Rixən (Marie-Pierre Rixain), Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alən Rafan (Pierre Alain Raphan), Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Fransanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, mədəniyyət, incəsənət xadimləri və KİV təmsilçiləri iştirak edirlər.

Tədbirdə fransalı və azərbaycanlı ekspertlər qadın hüquqlarının cəmiyyətin inkişafındakı əhəmiyyəti haqqında, qadınların bu günə kimi əldə etdikləri tarixi uğurları barədə məruzələrlə çıxış edəcəklər. Azərbaycanlı tarixçi-professorlar, mütəxəssislər Azərbaycan qadınlarına səsvermə hüququnun verilməsinin tarixindən danışacaq, ölkənin bu sahədəki uğurlu təcrübəsini bölüşəcəklər. 

Son xəbərlər

Orphus sistemi