Fransa mətbuatında erməni terroru barədə materiallar yayılıb

Fransa mətbuatında erməni terroru barədə materiallar yayılıb ASALA keçən əsrdə türk diplomatlarına və vətəndaşlarına qarşı silsilə terror aktları həyata keçirib
Xarici siyasət
28 Yanvar , 2015 17:54
Fransa mətbuatında erməni terroru barədə materiallar yayılıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Fransada 17 nəfərin həyatına son qoyan terror aktlarından iki həftəyə yaxın vaxt keçsə də, ölkə mətbuatında terrora dair tarixi araşdırmalardan bəhs edən materiallar geniş yer almaqdadır. "Report"un məlumatına görə, Fransa xəbər portallarında dərc olunan “Charlie Hebdo: son 50 ildə törədilən ən pis terror aktı” adlı məqalədə ölkədə ayrı-ayrı vaxtlarda müxtəlif terror təşkilatları, o cümlədən ermənilər tərəfindən törədilən terrordan bəhs olunub.

Fransanın keçən əsrin 60-cı illərindən terror aktları ilə üzləşdiyi xatırlanan məqalədə 1961-ci ildə Paris-Strasburq qatarında baş verən terror hadisəsində 27 sərnişinin həlak olduğu bildirilib.

1973-cü ildə Londonda iki terror aktı törədən “Karlos" ləqəbli Ramires Sançesin 1975-ci ildə Fransada 66 nəfəri girov götürdüyü, sonradan girovları azad edərək təyyarədə Əlcəzairə qaçdığı məqalədə öz əksini tapıb. 1980-ci ildə Parisin Kopernik küçəsindəki sinaqoq qarşısında partladılan bombanın 7 nəfərin həyatla vidalaşmasına və 20 nəfərin yaralanmasına səbəb olduğu, 1982-ci ildə Paris-Tuluz qatarında baş verən terror aktı zamanı 300 nəfərin yaralandığı qeyd olunub.

Məqalədə qeyd edilib ki, Türkiyəyə qarşı daima düşmənçilik münasibəti bəsləyən ermənilərin ASALA təşkilatı keçən əsrdə türk diplomatlarına və vətəndaşlarına qarşı silsilə terror aktları həyata keçirib. Bu terror aktları zamanı onlarla insan qətlə yetirilib.

Məqalədə bildirilir ki, Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu (ASALA) 1983-cü il iyul ayının 15-də Parisin Orli beynəlxalq hava limanında Türkiyə Hava Yolları Şirkətinə məxsus bölmədə törətdiyi terror aktı zamanı 8 nəfər həlak olub və 54 nəfər yaralanıb. Terror törədən üç erməni yalnız 1985-ci ildə həbs olunub və onlar 10-15 illik azadlıqdan məhrum ediliblər.

Məqalədə 1986-cı ildə Parisin Renn küçəsində, Defans ticarət mərkəzində, Lafayet univermağında, şəhərlər arası qatarların San-Mişel və Port-Royal dayanacaqlarında və digər yerlərdə müxtəlif illərdə törədilən terror aktlarının onlarla insanın qətlə yetirilməsi və yüzlərlə fransız vətəndaşının yaralanması ilə nəticələndiyi barədə məlumat yer alıb.

Son xəbərlər

Orphus sistemi