Yuxarı

Fransa Azərbaycan prezidentinin əfv fərmanını alqışlayıb

Rəsmi Paris bununla bağlı rəsmi bəyanat yayıb

Bakı. 22 mart. REPORT.AZ/ Fransa Azərbaycanda Novruz bayramı münasibəti ilə 148 nəfərin, o cümlədən bir neçə jurnalistin, siyasi fəalın və QHT üzvünün prezident İlham Əliyevin fərmanı ilə əfv olunmasını alqışlayıb.

Fransanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu barədə sözügedən ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Prezident İlham Əliyev martın 17-də məhkum olunmuş bir sıra şəxsin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq 148 nəfərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ilə bəzi tanınmış şəxslər, eləcə də, Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyev, "İnsan hüquqları" klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist Pərviz Həşimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli, "Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Anar Məmmədli, hüquq müdafiəçisi Taleh Xasməmmədov, NİDA-nın üzvləri Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov, "Talışi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov azadlığa çıxıb.

Bundan başqa, əfv siyahısına 13 əcnəbinin də adı daxil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi