Yuxarı

Fəxri konsul: "2013–2015-ci illərdə 12 500 Azərbaycan vətəndaşı turist olaraq Monteneqroya səfər edib" - MÜSAHİBƏ

Monteneqro Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təşkilatların qərarlarının tələbləri çərçivəsində həllini dəstəkləyir

Bakı. 25 may. REPORT.AZ/ Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev "Report"a müsahibə verib.

Vüqar müəllim, mayın 21-də Monteneqronun müstəqilliyini bərpa etməsinin 10 illiyi qeyd olunub. Monteneqronun bu günə qədər inkişafını və Azərbaycanla əlaqələrinin səviyyəsini necə dəyərləndirərdiniz?

- Monteneqro, keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasına daxil olan yeganə ölkədir ki, müstəqilliyini bir damla qan tökülmədən – referendum yolu ilə əldə edib. 21 may 2006-cı il tarixində keçirilmiş referendumdan və 3 iyun 2006-cı il tarixində Monteneqro Parlamentində Müstəqillik Haqqında Bəyannamə qəbul olunduqdan sonra Monteneqro müstəqilliyini bərpa edib. Balkan və Adriatik dənizi ölkələri ilə qonşuluq edən Monteneqro sabit və demokratik bir ölkə kimi inkişaf edir. Monteneqro dövləti və xalqı bütün dinlərə və milli mənsubiyyətlərə tolerantlığı ilə seçilir. Bu baxımdan dövlət səviyyəsində örnək ola biləcək siyasət həyata keçirilir. Adriatik dənizi ölkələri, həmçinin Serbiya, Bosniya və Herseqovina, Albaniya və Xorvatiya ilə həmsərhəd olan Monteneqronun qonşu ölkələrlə heç bir ciddi mübahisəli məsələsi mövcud deyildir.

Azərbaycan Monteneqronun müstəqilliyini 24 iyul 2006-cı ildə tanıyıb. 24 aprel 2008-ci il tarixində Azərbaycan və Monteneqro arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb. 2012-ci ildən Podqoritsada Azərbaycanın diplomatik nümayəndəliyi və 2013-cü ildən Bakıda Monteneqronun fəxri konsulluğu fəaliyyət göstərir.

Son illər Azərbaycan və Monteneqro arasında əlaqələr bütün sahələrdə dinamik şəkildə inkişaf edir və yüksək səviyyəli qarşılıqlı səfərlər intensiv xarakter daşıyır. Müqavilə-hüquq bazası ildən-ilə genişlənir. Ümumilikdə, əlaqələr yüksək səviyyədədir.

- İki ölkə arasındakı iqtisadi əlaqələrin səviyyəsi barədə nə deyə bilərsiz? Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi nə qədərdir?

- İqtisadi əlaqələrimiz də genişlənir, Azərbaycan Monteneqronun etibarlı iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan şirkətlərinin və sərmayədarlarının Monteneqroda fəaliyyəti üçün şərait mövcuddur və bütün şirkətlər bundan yararlana bilərlər. Gələcəkdə müxtəlif sahələrdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanlar vardır. Monteneqro dövləti Azərbaycan şirkətlərinin ölkəyə investisiya qoyuluşlarında maraqlıdır. 2014-cü ilin 5 mart tarixində Podqoritsada AR Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclası və böyük biznes forum keçirilib. Biznes forumda qida sənayesi, kənd təsərrüfatı, tikinti, energetika, turizm, İKT sahələrində fəaliyyət göstərən 30-a yaxın Azərbaycan şirkəti, ümumilikdə hər iki tərəfdən 100-dək iş adamı iştirak edib. Hazırda iqtisadi əlaqələrin daha da dərinləşməsi imkanları nəzərdən keçirilir.

- Tez-tez Azərbaycandan Monteneqroya sərmayələrin qoyulması ilə bağlı məlumatlara rast gəlirik. Bu sərmayələr hansı sahələri əhatə edir?

- Azərbaycanın sürətli iqtisadi inkişafı və dövlətin düşünülmüş iqtisadi siyasəti xarici ölkələrdə investisiya layihələrində iştirak üçün də imkanlar yaradır. Dövlət və özəl şirkətlər də bu imkanlardan yararlanmağa çalışır. Belə olan halda iş adamları və şirkətlər də sərmayələr üçün əlverişli imkanlar yaradılmış ölkələrə üz tuturlar. Monteneqro da bu ölkələrdən biridir. Monteneqro əsasən turizm ölkəsi kimi tanındığından da əsas maraq bu sahəyədir.

- Son zamanlar Monteneqro Azərbaycan turistləri üçün sevimli istirahət məkanına çevrilir. Bu günə kimi nə qədər Azərbaycan vətəndaşı bu ölkəni ziyarət edib? Ümumilikdə Monteneqronun turizm potensialı barədə məlumat verməyinizi xahiş edirik.

- Bildiyimiz kimi, Azərbaycan turistlərinin Monteneqroya əsas artımı 2013-cü ildən müşayiət olunur, bu da yay mövsümündə iki ölkə arasında birbaşa çarter uçuşlarının həyata keçirilməsinin nəticəsidir. 2013 – 2015 illər arasında 12 500 Azərbaycan vətəndaşı turist olaraq Monteneqroya səfər edib. Düşünürəm ki bu qısa zaman ərzində böyük bir nailiyyətdir. Montoneqronun turizm potensialı çox yüksəkdir. Ölkə öz əhalisinin sayından demək olar ki, üç dəfə artıq turist qəbul edir və bu rəqəmlər hər il yenə də artmaqdadır. Ekolojı cəhətdən çox təmiz və gözəl bir ölkədir, Adriatik dənizinin sahilindədir, hətta bir çox beynəlxalq turizm təşkilatlarının açıqlamalarında ekoloji ən təmiz turizm istiqaməti kimi də qeyd olunub. Həmçinin, Monteneqro hökuməti Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq edir. Etibarlı ümumvətəndaş pasportuna malik Azərbaycan vətəndaşları vizasız 90 gün müddətində Monteneqro ərazisindən sərbəst giriş-çıxış, tranzit kimi istifadə edə və yaşaya bilərlər. İnsanları çox qonaqpərvər və istiqanlıdır. Bir sözlə çox böyük turizm potensialı var, sözlə tam ifadə etmək mümkün deyil, odur ki, gedib görmək lazımdır.

- Bu yaxınlarda "Montenegro Airlines" aviaşirkəti Tivat-Bakı-Tivat çarter aviareyslərinin həyata keçirilməsinə başlayacaq. Nəzərə alsaq ki, neft qiymətlərinin aşağı düşməsi və manatın devalvasiyası əhalinin gəlirlərinə təsir edib, bu reyslərin uğurlu olacağına əminsinizmi?

- Bəli, iyunun 21-dən başlayaraq hər həftənin 2-ci günləri Monteneqro Hava Yolları birbaşa uçuşlara başlayacaq. İqtisadiyyatda belə halların ara sıra baş verməsi düşünürəm ki, normal bir haldır. Bu o demək deyilki gedən turistlərin sayı kəskin azalacaq. Hər halda turistlər öz büdcələrinə bir az qənaət edib daha uyğun turizm paketlərini əldə etmək istəyəcəklər. Fikrimcə, bu ilki çarter uçuşları da uğurlu olacaq.

- Monteneqro artıq demək olar ki, NATO-ya üzv kimi qəbul olunub və Avropa İttifaqına üzv olmaq niyyətindədir. Bunun ikitərəfli əlaqələrə hər hansı bir təsiri olacaqmı?

- 2016-cı ilin 19 may tarixində Monteneqronun baş naziri Milo Cukanoviç NATO-nun Brüsseldəki baş qərargahında 28 üzv dövlətin xarici işlər nazirlərinin “Monteneqronun NATO-nun tamhüquqlu üzvlüyünə qəbul edilməsi” protokolunu imzalayıb. Protokol üzv dövlətlərin yerli parlamentləri tərəfindən ratifikasiya prosesindən keçdikdən sonra gələn il Monteneqro NATO-nun 29-cu tamhüquqlu üzvünə çevriləcəkdir. Rəsmi üzvlüyə qədər Monteneqro NATO-nun iclaslarında səsvermə hüququ olmadan müşahidəçi statusu ilə iştirak edə biləcək.

Avropa İttifaqı ilə danışıqlar üçün fəsillərin də 2/3-si artıq açılıb və bu il də bir neçə yeni fəslin açılağı nəzərdə tutulur. Monteneqro Avropa İttifaqına üzvlük istiqamətində ciddi tərəqqi əldə etmişdir.

Monteneqronun xarici siyasət prioritetləri istiqamətində əldə etdiyi nailiyyətlərin ölkəmizlə ikitərəfli əməkdaşlıq əlaqələrinə hər hansı mənfi təsirinin olmayacağına əminəm. Düzdür Monteneqro bir üzv ölkə kimi bu təşkilatların ümumi siyasəti çərçivəsində çıxış edəcək. Amma burda heç bir problem görmürəm. Çünki, Azərbaycanın NATO və Avropa İttifaqı ilə sabit və ardıcıl əməkdaşlıq təcrübəsi vardır.

- Monteneqronun Bakıda səfirliyinin açılması ilə bağlı danışıqlar gedirmi?

- Bu məsələ gündəmdə qalmaqdadır.

- Monteneqronun Dağlıq Qarabağla bağlı mövqeyi nədən ibarətdir?

- Monteneqro münaqişənin sülh yolu ilə beynəlxalq təşkilatların qətnamə və qərarlarının tələbləri çərçivəsində həllini dəstəkləyir. Digər tərəfdən, Avropa İttifaqı ilə Sabitlik və Assosiasiya Sazişini imzalayan ölkə kimi məsələ ilə bağlı bu təşkilatın, eyni zamanda üzv olduğu qurumların ümumi mövqeyindən çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi