Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin əməkdaşı Fərid Soltanovun BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə - C24-ün regional tədbirindəki çıxışı BMT-nin rəsmi sənədi kimi yayılıb.
“Report” xəbər verir ki, o çıxışı zamanı Azərbaycanın 2019-2023-cü illərdə sədrlik etdiyi, hazırda isə “Troyka”nın üzvü olduğu Qoşulmama Hərəkatında (QH) fəal iştirakı və verdiyi töhfələrdən söz açıb.
Bildirib ki, bu xüsusda ölkəmizin hərəkata sədrliyi çərçivəsində çoxtərəflilik prinsiplərini təşviq edib, habelə QH çərçivəsində Parlament, Gənclər və Qadınlar şəbəkələrinin yaradılmasının təşəbbüskarıdır:
"Azərbaycan QH-yə sədrliyi qəbul edərkən öz prioritet və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracağını bəyan edib. Bandunq Konfransı zamanı müzakirə edilən məsələlərdən biri də kolonializmə qarşı mübarizə olmuşdur. Həmin konfrans iştirakçıları qeyd ediblər ki, xalqların xarici köləliyə, hökmranlığa və istismara məruz qalması əsas insan hüquqlarının inkar olunmasıdır, BMT-nin Nizamnaməsinə ziddir və beynəlxalq sülh və əməkdaşlığın təşviqinə maneə törədir. Kolonializm bütün təzahürləri ilə tez bir zamanda aradan qaldırılmalı olan bir şərdir. Azərbaycan, həmçinin Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni müstəmləkə tendensiyalarına qarşı mübarizənin lokomotivi rolunu öz üzərinə götürüb: "Dövlətimiz dünya ictimaiyyətini məcburi assimilyasiyaya aparan belə bir iyrənc, xüsusilə də Fransanın dənizaşırı regionlarında neokolonializm təcrübəsinə göz yummamağa çağırıb və neokolonializmə qarşı yeni bir dalğa başladıb”.
F.Soltanov həmçinin qeyd edib ki, Azərbaycanın XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından narahatlığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nüfuzlu beynəlxalq kürsülərdə bu mövzunu mütəmadi olaraq qaldırması, ədalət və beynəlxalq hüquq naminə müstəmləkəçiliyin tamamilə ləğv edilməsi məsələsini təşviq etməsi keçmişdə və hazırda müstəmləkə şəraitində yaşayan xalqlar tərəfindən rəğbətlə qarşılanıb”, - o əlavə edib.
Azərbaycanlı rəsmi xatırladıb ki, kolonializmə qarşı institusional və nəticəyönümlü mübarizə aparmaq məqsədilə QH-nin Bakıda keçirilən nazirlər görüşü çərçivəsində iştirakçıların təklifi ilə Bakı Təşəbbüs Qrupu (BTQ) adlı beynəlxalq QHT yaradılıb. Azərbaycan dövlətinin dekolonizasiya sahəsində siyasəti nəticəsində kolonializm və neokolonializmin ağır fəsadları, müstəmləkə altında yaşayan xalqların fundamental hüquqlarının kobud pozuntuları, insanların azadlıqlarının məqsədli şəkildə məhdudlaşdırılması, məqsədyönlü assimilyasiya siyasəti dünya ictimaiyyətinə çatdırılır, BMT, Qoşulmama hərəkatı və s. tribunalarında danışılır.
"Yarandığı 10 ay ərzində BTQ 10-a yaxın beynəlxalq konfrans təşkil edib. Onlardan 3-cü BMT-nin Nyu-York, Cenevrə və Vyana qərargahlarında, biri Türkiyənin İstanbul şəhərində, digərləri isə Azərbaycan paytaxtı Bakı şəhərində təşkil olunub. Eyni zamanda, BTQ bu ilin 25 mart tarixində xüsusi qonaq qismində Qoşulmama Hərəkatı Parlament şəbəkəsinin 3-cü Konfransında iştirak edib", - o əlavə edib.
Qeyd edək ki, Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə - C24-ün iclasına qatılıb.