“Bu gün Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Toplantıda Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyət müzakirə ediləcək. Sonuncu dəfə belə bir iclas 27 il əvvəl keçirilib".
“Report”un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun BMTM-in dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.
Biz neçə dəfə belə bir iclasın keçirilməsi ilə bağlı müraciət etsək də, bizə bu işlə ATƏT-in Minsk qrupunun məşğul olduğu cavabı verilirdi. Fransa çox narahatdır. Biz bunun səbəbini bilirik. Bu hadisələr göstərir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişkən: "dünya 5-dən böyükdür. Onu da qeyd edim ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 qətnaməsı var idi. Ancaq həmin qətnamələr bu qurum tərəfindən yerinə yetirilmədi. Nəhayət, 44 günlük Vətən müharibəsində Azərbaycan qələbə qazanaraq BMT qətnamələrini özü icra etdi”, - o bildirib.