Türkiyədə Konstitusiya Məhkəməsinin yaradılmasının 60-cı ildönümü münasibətilə İstanbulda “Konstitusiya ədalət mühakiməsi orqanları arasında əməkdaşlığın əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə ölkəmizi Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın sədrliyi ilə keçən toplantıda dünyanın 30-dan artıq ölkəsindən nümayəndə heyətləri iştirak edib.
Tədbirdə iştirakçı ölkələrin konstitusiya məhkəmələrinin orqanları əsas fəaliyyət istiqamətləri və məhkəmə-hüquq əməkdaşlığı ətrafında müzakirələr aparılıb.
Konfransda çıxış edən Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanın dost və qardaş Türkiyə Respublikası, habelə digər xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə daima təcrübə mübadiləsi apardığını qeyd edib. Bildirilib ki, 1998-ci ildə yaradılan Azərbaycan Konstitusiya Məhkəməsi öz fəaliyyətini konstitusiya ədalət mühakiməsinin vasitəsilə həyata keçirir. O, həmçinin qeyd edilib ki, Türkiyə Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə təsisi təklif edilən Türk Dövlətləri Təşkilatına üzv olan Dövlətlərin Konstitusiya Məhkəmələrinin Konfransının (Şurasının) yaradılması türkdilli ölkələr arasında məhkəmə-hüquq əməkdaşlığı üçün səmərəli platforma kimi çıxış edəcək.
Tədbirdə konstitusiya nəzarəti orqanlarının arasında əlaqələrin inkişafı barədə fikir mübadilələri ilə davam etdirilib.