"Azərbaycanla Türkiyənin media sahəsi üzrə əməkdaşlığı sıx şəkildə davam edir".
"Report"un yerli bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnformasiya Nazirlərinin 12-ci Toplantısı çərçivəsində bildirib.
Onun sözlərinə görə, Vətən müharibəsi dövründə Azərbaycanın dezinformasiya ilə peşəkar mübarizəsi həqiqətlərin dünyaya çatdırılmasına həlledici təsir göstərdi: "Vətən müharibəsi dövründə olduğu kimi, Azərbaycan ilə Türkiyə arasında media sahəsi üzrə əməkdaşlığın indi də sıx şəkildə davam edir. Həmin vaxt Qarabağda faktiki işğal rejimi var idi, Azərbaycan bu işğalı bitirmək üçün konkret addım atdı və nəticədə 44 gün sonra öz torpaqlarını işğaldan azad etdi. Ancaq bu dövr ərzində Azərbaycana qarşı çox ciddi və sistematik dezinformasiya fəaliyyəti aparılırdı. Bu kimi addımların qarşısını almaq və onlara mane olmaq üçün ayrı-ayrılıqda hər bir dezinformasiya fəaliyyətini birlikdə ifşa etdik. Bütün xarici mətbuat nümayəndələrinin əməliyyat zonasına səfərlərinin təşkil edilməsi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olduq".