Qərbi Azərbaycan İcması yurdlarına qayıtmaq istəyən yüzminlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə aparır.
"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, bu tədbir Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, qayıdış hüququnun təmin edilməsi və ədalətli əsaslarla sülh və barışıq üzrə müzakirələr aparmaq üçün vacib bir platformadır:
"Qərbi Azərbaycan İcması olaraq biz öz doğma yurdlarına qayıtmaq istəyən yüzminlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə aparırıq. Biz dünya üzrə qaçqınların sayının artmasını dərin narahatlıq və üzüntü ilə izləyirik. Qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi silahlı münaqişələrin yaratdığı ağır nəticələr səbəbindən öz doğma torpaqlarını tərk etməyə məcbur olub. Bir sıra hallarda silahlı münaqişələrin məhz etnik təmizləmə məqsədilə törədildiyi unudulmamalıdır".
İcma sədri bildirib ki, belə nümunələrdən biri də Ermənistanın əməlləridir:
"Ermənistan azərbaycanlıların hamısını ata-baba yurdundan çıxarıb və bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb. Orada qəbiristanlıqlarımız, mədəni və dini abidələrimiz məqsədyönlü şəkildə məhv edilərək maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurulub. Adət-ənənələrimiz, sosial bağlarımız və həyat tərzimiz böyük ziyan görüb".