“Türkiyədə meşə yanğınlarının söndürülməsi istiqamətində görülən işlərlə bağlı “Böhran mərkəzi”nin xüsusi iclası üç saata yaxın davam edib”.
“Report”un Türkiyə bürosu xəbər verir ki, bunu Azərbaycanın Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Türkiyənin Muğla şəhərində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Köycəğiz və Bodrum ətrafında yanğınlar baş verib:
“Digər yanğınlar nəzarət altına alınıb. Artıq demək olar ki, Köycəğizdəki də yanğın lokallaşdırılıb. Ehtimal ki, sabah şad xəbərlər eşidəcəyik. Avqustun 10-da Fövqəladə Hallar Nazirliyinin 500-ə yaxın əməkdaşı Yeniköy, Kəmərköy, Köycəğiz və İlanlı dağında xidmət aparıblar. Bu ərazidə 77-yə yaxın yanğınsöndürmə avtomobili xidmət aparır. Bizim əməkdaşlarımız Köycəğizdə yanğın ocaqlarının soyudulması işlərini görüblər”.
E. Mirzəyev qeyd edib ki, Türkiyənin bütün şəhər və rayonlarında Azərbaycan yanğınsöndürənlərinə qarşı gözəl münasibət olub:
"Hər birimizin gördüyü kimi bu şəhərlərdə və rayonlarda Azərbaycan yanğınsöndürənlərinə gözəl münasibət olub. Bu bizim üçün həmçinin bir təcrübə oldu. Biz daim Türkiyənin yanındayıq. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı!".