“Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməsə, cinayət addımlarını davam etdirəcək”.
Bunu “Report”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
44 günlük Vətən müharibəsi bitdikdən sonra meydana çıxan ən vacib problemlərdən birinin mina təhlükəsi olduğunu deyən ekspert bildirib ki, həm hərbi təyinatlı, həm də mülki təyinatlı obyektlərin minalanması Azərbaycan tərəfi üçün ciddi problem mənbəyinə çevrilib:
“Belə olan halda Azərbaycan iki istiqamətdə minatəmizləmə işlərini həyata keçirməyə başlayıb. Birincisi, hərbi təyinatlı minatəmizləmə işləridir ki, bunlar hərbi obyektlərin, infrastrukturun təmizlənməsi idi. Çünki həmin ərazilərdə sonradan hərbi birliklərin disloksiyası həyata keçirilməlidir. İkincisi, ən əsas və ən çətin proses isə humanitar təyinatlı minatəmizləmə işləridir. Bu zaman hər evin, hər bir yaşayış məntəqəsinin, hər ağacın, mülki təyinatlı bütün hərəkət zolaqlarının təmizlənməsi nəzərdə tutulur”.
Onun sözlərinə görə, statistik göstəricilərdən də görmək olur ki, minaya düşən şəxslərin əksəriyyəti mülki vətəndaşlardır:
“Bu mülki şəxslər də məhz öz doğmalarının məzarlarını və yurdlarının ziyarəti zamanı minaya düşərək xəsarət alıb, həyatlarını itiriblər”.
Ermənistanın müharibədən sonra da Qarabağın bir hissəsində minalanma prosesi həyata keçirdiyini xatırladan hərbi ekspert bildirib ki, artıq bununla bağlı ilkin faktlar da ortaya çıxıb:
“Azərbaycan ordusunun bir müddət əvvəl Sarıbaba yüksəkliyini işğaldan azad etdikdən sonra həmin ərazidə xeyli sayda minalar aşkarlandı. Ən dəhşətlisi isə odur ki, həmin minalar məhz piyadalar əleyhinədir. Beynəlxalq konvensiyalara əsasən piyadalar əleyhinə minaların istehsalı və ondan istifadə qadağandır. Ermənistan isə həmişə olduğu kimi bütün bu qanunlara və piyadalar əleyhinə minalarla bağlı konvensiyalara qarşı çıxaraq öz ərazisində piyadalar əleyhinə minaların istehsalına başladı. Bu, birbaşa Azərbaycana qarşı yönələn cinayət faktıdır”.
“Ermənilərin məqsədi geri çəkildikləri ərazilərin minalanması ilə maksimum şəkildə insan təlafatına yol açmaqdır. Bu isə hərbi cinayət faktıdır. Hesab edirəm ki, Azərbaycan sözügedən məsələlərlə bağlı beynəlxalq məhkəmə instansiyalarına müraciət etməlidir və onlar qarşısında yuxarıda qeyd etdiyim cinayət faktlarının nəzarətə götürülməsinə və problemin həll edilməsinə nail olmalıdır. Əks təqdirdə Ermənistan öz cinayət addımlarını davam etdirəcək. Nəticədə isə mülki insanlar xəsarət alacaqlar”, - R.Məmmədli vurğulayıb.