"Ermənistan ATƏT-in missiyasını dəvət etməklə sülh prosesini uzatmaq və maneə yaratmaq istəyir" - RƏY

Xarici siyasət
  • 20 oktyabr, 2022
  • 12:28
Ermənistan ATƏT-in missiyasını dəvət etməklə sülh prosesini uzatmaq və maneə yaratmaq istəyir - RƏY

"Ermənistan yeni missiyaları cəlb etməklə sülh prosesini uzatmaq və bu prosesə hər hansı formada maneə yaratmaq istəyir".

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Ermənistan hökumətinin dəvətilə bu ölkəyə ATƏT-in missiyasını göndərəcəyi barədə məsələdən söz açan deputat deyib ki, bu təşkilatın fəaliyyəti hər zaman dırnaq arasında olub.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan arasındakı münaqişənin nizamlanması üçün yaradılan ATƏT-in Minsk Qrupu 2014-cü ildən Ukraynadakı münaqişənin nizamlanması ilə dırnaqarası "məşğul olub" və bu gün bu münaqişənin necə nizamlandığı və nə ilə nəticələndiyi göz qabağındadır.

Ermənistanın bütün beynəlxalq təşkilatlara guya təhlükədə olması ilə əlaqədar car çəkməsindən bəhs edən deputat bildirib ki, burada əsas məqsəd sülh sazişinin imzalanması prosesini uzatmaqdır:

"Sülh və sabitliyin olmaması, regionda problemlərin, qarşıdurmaların yaşanması erməni diasporasının istəyidir. Ermənistanın bu oyunlarını anlayan, görən ölkələr olsa da, mənfur qonşularımız sülh prosesini ləngitmək üçün bütün yollara əl atırlar. Hazırda Avropa İttifaqından sonra ATƏT-in də Ermənistana missiya göndərməsi məsələsi gündəmdədir. Sual olunur, Avropa İttifaqı Ermənistana missiya göndərirsə, ATƏT-ə nə ehtiyac var?! Təbii ki, bütün bunlar Ermənistanın özünə yeni himayədar axtarması ilə əlaqədardır. Ermənilərin bütün qışqır-bağırlarının digər bir səbəbi isə yeni missiyaları cəlb etməklə özlərinə vaxt qazanmaq və sülh prosesinə hər hansı formada mane törətməkdir".

"30 il ərzində ATƏT-in qastrol səfərləri heç bir nəticə göstərmədiyi kimi bundan sonra da Ermənistana göndəriləcək missiyanın da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət etməyəcəyi aşkardır. Necə deyərlər illərdir onların nə ilə “məşğul olmasına” yaxşı bələdik. ATƏT-in işğal dövründəki fəaliyyəti də sadəcə prosesləri dalana dirəməkdən ibarət olub", - A.Mollazadə əlavə edib.

Xatırladaq ki, ATƏT oktyabrın 21-27-də Ermənistan hökumətinin dəvəti ilə bu ölkəyə "ehtiyacların qiymətləndirilməsi qrupu"nu göndərəcək. Bu isə Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Çünki xalq münaqişənin 30 il ərzində “sülh yolu ilə” həlli ilə "məşğul olan" ATƏT-in fəaliyyətindən razı deyil.

Son xəbərlər

Bütün Xəbər Lenti