Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayıb

Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayıb Dövlət başçısını gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib
Xarici siyasət
6346
9 Dekabr , 2020 16:53
Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayıb
Rəcəb Tayyib Ərdoğan
0 : 00
0 : 00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayıb.

“Report” xəbər verir ki, dövlət başçısını gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

R.T.Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfərdə R.T.Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik, partiyanın sədr müavini Mahir Ünal, Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın və Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun müşayiət edir.

Türkiyə lideri Azərbaycanda iki gün olacaq. Onun Bakıya səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşir.

Səfər tarixi Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi məqsədilə sentyabrın 27-də başlanmış Vətən müharibəsində qələbənin qeyd edilməsi gününə uyğunlaşdırılıb.

İki ölkənin lideri "Bir millət, iki dövlət" şüarı ilə dekabrın 10-da keçiriləcək Qələbə Paradında iştirak edəcək.

Səfər çərçivəsində dünya ictimaiyyətinə müasir Azərbaycan reallıqları haqqında daha çox məlumat verilməsi üzrə birgə addımların müzakirəsi olacaq. Danışıqların gündəliyinə həmçinin regional və beynəlxalq məsələlər də daxil edilib.

R.T.Ərdoğanın səfəri çərçivəsində eləcə də iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Son xəbərlər

Orphus sistemi