Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla Çexiyanın paytaxtı Praqa şəhərində keçirdiyi görüşdə erməni hökumət başçısına çatdırdığı mesajı açıqlayıb.
“Report” xəbər verir ki, dövlət başçısı bu barədə noyabrın 10-da Özbəkistanın Səmərqənd şəhərinə yola düşməmişdən əvvəl keçirdiyi brifinqdə danışıb.
“Ermənistanın Baş naziri Nikol Paşinyanla Praqada görüşmüşəm. Ona dedim ki, Azərbaycanla münasibətləri normal saxlasanız, biz də münasibətləri normallaşdırarıq. Amma hələ bunu görmürük. Çünki erməni diasporu fəaliyyət göstərir və prosesə mənfi təsir göstərir”, - R.T.Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti vurğulayıb ki, Ermənistan hakimiyyəti erməni diasporunun fəaliyyətinə təsir etməlidir: “Biz də dost qazanmağa çalışırıq. Həmçinin Ermənistanın Laçın və Zəngəzurla bağlı atdığı addımlar bizim atacağımız addımlara da müsbət təsir edə bilər”.
Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.
İkinci Qarabağ müharibəsindən - Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.
Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.
Bu il oktybarın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olub.