Elxan Şahinoğlu: "Azərbaycan Avropa İttifaqı üçün maraqlı ölkədir"

Elxan Şahinoğlu: "Azərbaycan Avropa İttifaqı üçün maraqlı ölkədir" Haradan baxsaq, Azərbaycan Avropa üçün maraqlı məkandır, maraqlı ölkədir.
Xarici siyasət
9 İyul , 2021 15:35
Elxan Şahinoğlu: Azərbaycan Avropa İttifaqı üçün maraqlı ölkədir

"Haradan baxsaq, Azərbaycan Avropa üçün maraqlı məkandır, maraqlı ölkədir".

Bunu “Report”a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Ekspertin fikrincə, Azərbaycan Şərqi Avropanın qapısıdır, ona görə də Avropa Azərbaycan kimi ölkə ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir:

“Azərbaycan Avropaya alternativ enerji mənbələri təqdim edir. Son illər Avropanın Rusiya qazından asılılığı artıb, bu da onları narahat edir, çünki Rusiyaya qarşı sanksiyalar var. Azərbaycan bu ildən başlayaraq Avropaya böyük həcmdə qaz nəql edir. Üstəgəl, Azərbaycan Avropanın 9 ölkəsi ilə strateji saziş imzalayıb. İndi də Aİ-nin özü ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamaqla bağlı iş gedir və ümid edirəm ki, bu ilin sonuna qədər həmin saziş də imzalanacaq”.

Əlaqələrin qarşılıqlı olduğunu dilə gətirən politoloq qeyd edib:

“Əsas enerji resurslarımız Avropaya tədarük olunur, əsas ticarət tərəfdaşlarımız Aİ ölkələridir. Azərbaycan müxtəlif Avropa strukturları ilə əməkdaşlıq edir - istər ATƏT olsun, istər AŞPA. Azərbaycan öz ordusunu NATO standartlarına uyğun qurmağa çalışır. Buna görə də əməkdaşlığın inkişafı hər iki tərəf üçün əhəmiyyətlidir”.

Xatırladaq ki, ötən gün Avropa İttifaqının qonşuluq və genişlənmə komissarı Oliver Varhelyi də Cənubi Qafqaza səfəri çərçivəsində jurnalistlərlə görüşü zamanı Avropanın enerji təchizatında Azərbaycanın mühüm rolunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi