Elmira Axundova etimadnaməsinin surətini Ukrayna XİN başçısının müavininə təqdim etdi

Elmira Axundova etimadnaməsinin surətini Ukrayna XİN başçısının müavininə təqdim etdi
Xarici siyasət
529
18 May , 2020 18:32
Elmira Axundova etimadnaməsinin surətini Ukrayna XİN başçısının müavininə təqdim etdi

Azərbaycanın Ukraynadakı yeni səfiri Elmira Axundova bu ölkənin xarici işlər nazirinin müavini Vasili Bodnarla görüşüb. 

"Report" xəbər verir ki, V.Bodnar səfiri yeni təyinatı münasibətilə təbrik edərək onun iki ölkə arasında əlaqələrin gələcəkdə səmərəli inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirib. 

Görüşdə tərəflər Azərbaycan ilə Ukrayna arasında enerji, iqtisadi, siyasi sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər, bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

E.Axundova deyib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan-Ukrayna əməkdaşlığının memarı və qurucusudur. Ulu öndərin istər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə, istərsə də ölkələrin müstəqilliyi dönəmində Ukrayna xalqı qarşısındakı əvəzsiz xidmətləri böyük qürur hissi ilə xatırlanır. Azərbaycan və Ukrayna arasında dostluq münasibətləri ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də böyük uğurla davam etdirilir. 

Bu gün Azərbaycanın tarixi ərazisi olan Laçın rayonunun Ermənistan tərəfindən işğalından 28 il ötdüyünü xatırladan səfir Ukraynaya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyinə görə təşəkkürünü bildirib. 

E.Axundova diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. 

Sonra səfir etimadnaməsinin surətini V.Bodnara təqdim edib. Nazir müavini E.Axundovaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.