Elmar Məmmədyarov Pedro Aqramuntla Qarabağ münaqişəsini müzakirə edib

Elmar Məmmədyarov Pedro Aqramuntla Qarabağ münaqişəsini müzakirə edib "Mövcud status-kvo qəbuledilməzdir"
Xarici siyasət
1 Mart , 2016 13:04
Elmar Məmmədyarov Pedro Aqramuntla Qarabağ münaqişəsini müzakirə edib

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, görüşdə AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edildi və tərəflər arasında konstruktiv dialoq və anlaşma şəraitində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. Nazir güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb və ərazi bütövlüyünün pozulması kimi həssas və ciddi məsələnin beynəlxalq təşkilatların gündəliyinə çıxarılmasının hər bir dövlətin suveren hüququ olduğunu nəzərə çatdırıb.

Nazir ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. O, münaqişə nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan çox soydaşımızın hüquqlarının pozulduğunu vurğulayaraq, beynəlxalq təşkilatların bu məsələyə xüsusi diqqət yetirməli olduğunu nəzərə çatdırıb.

Parlament diplomatiyasının əhəmiyyətinə toxunan Elmar Məmmədyarov, ölkəmizin bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

AŞPA prezidenti Pedro Aqramunt Azərbaycanın təşkilat ilə uğurlu əməkdaşlıq göstərdiyini bildirərək, əlaqələrin daha da inkişafı üçün perspektivlərin olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi