Yuxarı

Elmar Məmmədyarov: “Konvensiyanın qəbulunadək Xəzərin hüquqi statusu ilə bağlı sənədin müzakirəsini vaxtından əvvəl hesab edirik”

XİN başçısı: “Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət əsasında həll olunmalıdır”

Bakı. 13 iyul. REPORT.AZ/ "Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə ticarət-iqtisadi, nəqliyyat-logistika və ekoloji sahələrdə, həmçinin təhlükəsizlik məsələləri ilə bağlı bir sıra sahəvi saziş layihələri irəli sürülüb: "Biz bu layihələrin müzakirəsi və razılaşdırılmasında fəal iştirak edirik, bununla yanaşı müvafiq Konvensiyanın qəbulunadək Xəzər dənizinin hüquqi statusunu əvvəlcədən müəyyən edə bilən müddəalara malik sənəd layihələrinin müzakirəsini vaxtından əvvəl hesab edirik. Biz o nöqteyi-nəzərdən çıxış edirik ki, təklif olunan bütün sahəvi saziş layihələrinin müzakirəsi bütün beş Xəzəryanı dövlətin iştirakı ilə aparılmalıdır".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Astanada keçirilən görüşündə deyib. 

Nazir bu görüşün Xəzəryanı ölkələrin mövqelərinin daha da yaxınlaşması və vacib nəticələr əldə olunması üçün yaxşı imkan yaradacağına əminliyini bildirib.

E.Məmmədyarov deyib ki, danışıqlar prosesi çərçivəsində Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin müddəalarının razılaşdırılması ilə bağlı əhəmiyyətli işlər görülüb: "Qəbul olunan siyasi qərarlar və Xəzəryanı dövlətlərin rəhbərlərinin sammitləri çərçivəsində əldə olunan razılaşmalar bötüvlükdə Konvensiya layihəsinə dair gələcək danışıqların effektivliyinə kömək edəcək.

Bununla əlaqədar olaraq, xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi işçi qrupunun məhsuldar işini və onların bir çox əsas müddəalarla bağlı konsensus əldə etmək istiqamətində səylərini xüsusi vurğulamaq istərdim. Ümid edirik ki, çoxillik əməyin nəticəsi Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsas yaradacaq".

XİN rəhbəri qeyd edib ki, Xəzəryanı dövlətlərin rəhbərlərinin növbəti sammiti keçirilənədək, Konvensiya layihəsinin bütün razılaşdırılmamış müddəaları üzrə razılaşmaların əldə olunması vacibdir. Bununla yanaşı, həmçinin Konvensiya layihəsinin Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması üçün əsas təməl təşkil edən müddəalarını ən qısa müddət ərzində razılaşdırmaq üçün maksimum səy göstərmək lazımdır.

Ümid edirəm ki, açıq dənizə çıxışı olmayan Xəzəryanı dövlətlərin Xəzər dənizindən başqa dənizlərə və Dünya okeanına sərbəst çıxış hüququ, tərəflərin hərbi gəmilərinin başqa ölkələrin milli suverenliyi altında olan zonalardan keçmə hüququ, həmçinin Xəzər dənizinin dibi və təkinin delimitasiyası, kabel və boru kəmərlərinin çəkilməsi ilə bağlı məsələlər beynəlxalq dəniz hüququnun normalarına uyğun olaraq danışıqlar prosesi çərçivəsində həll olunacaq".

Nazir bildirib ki, bununla yanaşı, ümumtanınmış dünya praktikası əsasında və mövcud beynəlxalq prinsip və normalara müvafiq olaraq ilkin xətlərin çəkilməsi metodikasına dair konsensusun tapılması ümumi razılaşmaların əldə olunmasına kömək edəcək: "Biz Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizinin delimitasiyası üzrə sazişlərə xüsusi əhəmiyyət veririk və Xəzər dənizinin mərkəzi və cənub hissələrində dibin delimitasiyası məsələlərinin ən tez zamanda nizamlanmasına ümid edirik.

Xəzər dənizi Xəzər regionu ölkələrinin xalqlarının iqtisadi inkişafı və rifahına, həmçinin dünya enerji təhlükəsizliyinin təmin olunmasına yönələn bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.

Beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının əldə olunması və beynəlxalq bazarlara nəqli ilə bağlı investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, yüksək gəlirli və ekoloji cəhətdən təmiz texnologiyanın cəlb olunması ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin vacib prioritetləri olaraq qalır.

Azərbaycan tərəfi əmindir ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, həmçinin tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunmalıdır. Etimad tədbirlərinə həmçinin bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şəraitinin təmin olunması da daxil olmalıdır. Biz həmçinin əminik ki, Xəzər dənizində sabitliyin möhkəmləndirilməsi bütün tərəflərin maraqlarının nəzərə alınmasına, eləcə də bir-birlərinin təhlükəsizliyinə zərər vurmaması, Xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət göstərilməsi və bir-birlərinin daxili işlərinə qarışmamasına əsaslanmalıdır".

E.Məmmədyarov hesab edir ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın ən qısa müddət ərzində imzalanması Xəzəryanı dövlətlərin gələcək qarşılıqlı fəaliyyəti və müxtəlif sahələrdə, o cümlədən Xəzərin ekosisteminin qorunması məsələləri ilə bağlı əməkdaşlığına yönələn daha effektiv tədbirlərin görülməsinə xidmət edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi