Yuxarı

Elmar Məmmədyarov İranın rabitə və kommunikasiya texnologiyaları nazirini qəbul edib

Regional məsələlər ətrafında aparılan fikir mübadiləsi aparılıb

Nazir Elmar Məmmədyarov İran İslam Respublikasının Rabitə və Kommunikasiya Texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə hər iki ölkənin prezidentlərinin görüşlərinin ikitərəfli əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malik olduğu qeyd olunaraq, Azərbaycan və İran İslam Respublikası arasında olan əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələrin inkişafının vacibliyini qeyd edərək, Azərbaycan və İran İslam Respublikası arasında olan dostluq və tərəfdaşlığın regional sülhə və tərəqqiyə xidmət etdiyini bildirib.

İran İslam Respublikasının Rabitə və Kommunikasiya Texnologiyaları naziri Mahmud Vaezi ölkəsinin qonşu dövlət olaraq, Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edərək, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Tehrana səfərinin əlaqələrimizin inkişafına xüsusi təkan verdiyini deyib.

Regional məsələlər ətrafında aparılan fikir mübadiləsi əsnasında nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzünün regionun inkişafı üçün əsas təhdid mənbəyi olduğunu bildirib. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zor tətbiq edərək dəyişdirilməsinin BMTnizamnaməsi və beynəlxalq hüquqa görə qəbuledilməz olduğunu deyən nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

İran İslam Respublikasının Rabitə və Kommunikasiya Texnologiyaları naziri Mahmud Vaezi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalı olduğunu bildirib.

Görüş əsnasında hökumətlərarası müştərək komissiya çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi