Yuxarı

​Elmar Məmmədyarov İran XİN başçısının müavinini qəbul edib

Üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə əməkdaşlığının regional inkişafa xidmət etdiyi qeyd olunub

Bakı. 3 mart. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Görüşdə iki ölkənin rəhbərləri tərəfindən müəyyən olunan strateji xəttə uyğun olaraq, ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan Respublikası və İran İslam Respublikasının regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfələri vurğulanıb.

Ermənistan-Azərbaycan münaqişəsinin regional sülh və təhlükəsizlik üçün əsas təhdid doğurduğu qeyd olunaraq, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğu diqqətə çatdırılıb.

Üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə əməkdaşlığının regional inkişafa xidmət etdiyi qeyd olunub.

4-5 mart tarixlərində Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin Bakıda keçiriləcək iclasının əhəmiyyəti vurğulanıb.

Eyni zamanda İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpur Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovla da görüşüb. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, elm-mədəniyyət, nəqliyyat və enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi