Yuxarı

Elmar Məmmədyarov BƏƏ-nin xarici işlər üzrə dövlət nazirini qəbul edib

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər barəsində fikir mübadiləsi aparılıb

Bakı. 2 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşı qəbul edib.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Naziri Elmar Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

Ənvər Qarqaş Azərbaycanın dinamik inkişafını məmnunluqla izlədiklərini deyərək, iki ölkə arasında iqtisadi, ticarət, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verib və Ermənistanın destruktiv və işğalçı siyasətinin münaqişənin həllinə başlıca mane olduğunu diqqətə çatdırıb. Güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinin qəbuledilməz olduğunu deyən Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistanın işğalçı qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyət, demoqrafik vəziyyətin dəyişdirilməsi və Azərbaycan xalqına aid maddi-mədəni irsin, o cümlədən İslam dini abidələrinin məhv edilməsi barəsində məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər barəsində fikir mübadiləsi aparıldı.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi