Elmar Məmmədyarov: "Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqlar müsbət ruhda davam edir"

Xarici siyasət
  • 13 may, 2019
  • 13:22
Elmar Məmmədyarov: Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqlar müsbət ruhda davam edir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Report/ Elchin Murad

"Biz Avropa İttifaqı ilə yeni ikitərəfli saziş ilə bağlı keyfiyyətəyönümlü danışıqlar vasitəsilə ikitərəfli münasibətlərdə uğur əldə etməkdə maraqlıyıq. Mən davam edən danışıqların müsbət ruhunu yüksək qiymətləndirirəm. Biz bir-birimizdən və bir-birimiz barədə çox şey öyrənirik".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı" Xarici İşlər nazirlərinin mayın 13-də Brüsseldə keçirilən görüşündə deyib. 

O vurğulayıb ki, bu, özlüyündə çox məhsuldar işdir: "Bir neçə ilə sektoral əməkdaşlığımızın əsası kimi çıxış edəcək Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanması ilə yanaşı, biz keçən il Aİ ilə bir sıra məsələləri müzakirə etdiyimiz iki yeni sektoral format – təhlükəsizlik və nəqliyyat dialoqlarına başlamışıq və bu bizə bir-birimizi daha yaxşı anlamağa kömək edir".