Yuxarı
    Bağlamaq

    ​Elman Abdullayev Efiopiyanın təhsil naziri ilə görüşüb- FOTO

    Nazir Şifera Şiquti ölkəsinin Azərbaycanla təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb

    Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev bu ölkənin təhsil naziri Şifera Şiquti ilə görüşüb. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

    Görüş zamanı Azərbaycanla Efiopiya arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib, bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilib. Eyni zamanda, təhsil sahəsində əməkdaşlığın inkişafı üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsi vacibliyi qeyd edilib.

    Görüşdə səfir Elman Abdullayev Azərbaycanın təhsil ocaqlarında dünyanın bir çox ölkələrindən, o cümlədən Afrika ölkələrindən tələbələrin təhsil aldığını qeyd edib. Azərbaycanla Afrika ölkələri arasında təhsil sahəsində əməkdaşlığın möhkəm təməlinin olduğu və hələ SSRİ dönəmindən bir çox Afrika ölkələrindən, o cümlədən Efiopiyadan çox sayda tələbələrin Azərbaycan universitetlərindən məzun olduqları qeyd edilib.

    Bununla yanaşı, səfir Azərbaycan Respublikası hökuməti tərəfindən göstərilən dəstək nəticəsində azərbaycanlı tələbələr üçün xaricdə təhsil proqramının həyata keçirilməsi barədə məlumat verib.

    Efiopiyanın təhsil naziri Şifera Şiquti ölkəsinin Azərbaycanla təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında təhsil sahəsində münasibətlərin inkişafı üçün müvafiq tədbirlərin həyata keçirilməsi və təmasların artırılmasının əhəmiyyətini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi