Yuxarı

Elin Süleymanov: "ABŞ Cənubi Qafqazda regionunda artan qeyri-sabitliyin öhdəsindən gəlmək üçün daha çox şey etməlidir"

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində hər dəfə irəliləyiş olan kimi Ermənistan bunu pozmağa çalışır

Bakı. 13 aprel. REPORT.AZ/ "ABŞ Cənubi Qafqazda regionunda artan qeyri-sabitliyin öhdəsindən gəlmək, Türkiyə və Rusiya arasında yaranmış gərginliyin daha böyük zorakılığa qədər artmaması üçün daha çox şey etməlidir".

"Report" xəbər verir ki, bunu "WashingtonTimes"a müsahibəsində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov deyib.

Səfir ABŞ-ın regional sabitliyin pozulmasının qarşısını almaq üçün bölgəyə daha çox diqqət ayırmalı olduğunu qeyd edib.

"Rusiya həm erməniləri və həm də azərbaycanlıları silahla təmin edərək hər iki tərəfə təsir etməyə çalışırdı. Silah təchizatındakı əsas fərq ondan ibarətdir ki, Azərbaycan hərbi texnikaya görə Moskvaya pul ödəyir, Ermənistan isə bunu Rusiyadan dəstək kimi alır", - deyə diplomat bildirib.

Diplomatik missiyasının rəhbəri qeyd edib ki, Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən daha çoxdur.

E.Süleymanov aprelin əvvəlində təmas xəttində gərginliyin artmasına görə Ermənistanı günahlandıraraq, Yerevanın bunu Azərbaycan Prezidentinin Vaşinqtona səfəri fonunda qəsdən etdiyini vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində hər dəfə irəliləyiş olan kimi Ermənistan bunu pozmağa çalışır".

Səfir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli postsovet məkanında digər dondurulmuş münaqişələrin həllinə doğru atılmış addım olar. Onun sözlərinə görə, bütün bu münaqişələr ərazi bütövlüyünün pozulmasından qaynaqlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi