Yuxarı

ƏDTSP rəhbəri: "Azərbaycanın işğal olunmuş ərazilərindən BƏƏ-yə ixracla bağlı hər hansı fakt olmayıb" - FOTO

BƏƏ ərzaq təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın kənd təsərrüfatı imkanlarda yararlana bilər

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov Əbu Dabi Ticarət və Sənaye Palatasının (ƏDTSP) baş icraçı direktoru Hilal Məhəmməd Əl Hameli ilə görüş keçirib.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, D.Şikarov Azərbaycan iqtisadiyyatı və onun imkanları barədə məlumat verib. Səfir qeyd edib ki, 2015-ci ildə Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 10% artsa da, cəmi 70 milyon ABŞ dolları təşkil edib. Halbuki bu göstəricini 500-600 milyon ABŞ dollarına qədər artırmaq mümkündür.

Turizm sahəsindəki əməkdaşlığa da toxunan səfir ölkəmizin əlverişli iqlimi, füsunkar təbiəti, zəngin mədəniyyəti, ləziz mətbəxi və qonaqpərvərliyi ilə tanındığını diqqətə çatdırıb. O qeyd edib ki, Qəbələ, Quba, Qusar, Şamaxı, Şəki, Naxçıvan və Azərbaycanın digər bölgələr BƏƏ-li turistləri cəlb edə bilər.

Görüş zamanı səfir həmçinin BƏƏ rəsmisinə Dağlıq Qarabağ münaqişəsi və onun iqtisadi fəsadları haqqında məlumat verib.

H.M.Əl Hameli öz növbəsində ərzaq təhlükəsizliyi məsələsinin BƏƏ üçün həyati əhəmiyyət kəsb etdiyini və bu baxımdan, əmirliyin Azərbaycanın kənd təsərrüfatı potensialından istifadə etməkdə maraqlı olduğunu bildirib. H.M.Əl Hameli həmçinin, Azərbaycandan müvafiq ekspertləri dəvət etməklə ƏDTSP-də iş adamları üçün xüsusi təqdimatın keçirilə biləcəyini deyib.

ƏDTSP rəhbərli həmçinin yaxın vaxtlarda Azərbaycana səfər etmək haqda düşündüyünü deyib. Sözlərinin davamında Əl Hameli işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlərlə bağlı məsələdə Azərbaycanın göstərmiş olduğu həssaslığın başa düşülən olduğunu və bu ərazilərdən BƏƏ-yə ixracla bağlı onlarda hər hansı bir faktın mövcud olmadığını bidirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi