Yuxarı

​Ədliyyə naziri AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib

Bakı. 3 mart. REPORT.AZ/ Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Taduez İvinski ilə görüşüb. Bu barədə "Report"a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığı vurğulayan nazir ötən il ölkənin Avropa Şurası Nazirlər Komitəsindəki uğurlu sədrliyini, eləcə də bu mötəbər qurumun Azərbaycan üçün qəbul olunmuş 2014-2016-cı illər üzrə Fəaliyyət Planının icrası üzrə tədbirləri qeyd edib. T.İvinskini yeni həmməruzəçi təyin olunması münasibətilə təbrik edən nazir ona uğurlu fəaliyyət arzulayıb.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, hakimlərin sayının artırılması, onların Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən seçimi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti və onun səlahiyyətlərinin genişləndirilməsi, elektron məhkəmənin tətbiqi, infrastrukturun müasirləşdirilməsi üzrə görülən işlər barədə həmməruzəçiləri məlumatlandırıb. Həmçinin penitensiar sistemin inkişafı, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, bu məqsədlə bölgələrdə yeni müasir penitensiar müəssisələrin inşası üzrə tədbirlər diqqətə çatdırılıb.

T.İvinski əvvəllər Azərbaycana səfər etdiyini və xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşdüyünü xatırladaraq ölkəmiz və həyata keçirilən demokratik proseslər haqqında məlumatlı olduğunu bildirib. Həmməruzəçilər məhkəmə-hüquq sistemindəki nailiyyətləri maraqla qarşılayaraq təqdir edib, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə, o cümlədən səfər zamanı penitensiar müəssisələrə baş çəkmək üçün şərait yaradılmasına görə minnətdarlığını ifadə edib.

Görüşdə həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqlarının təminatı və digər mövzular üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib.

Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri xanım Draqana Filipoviç də görüşdə iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi