Yuxarı

Düşənbədə 28 may – Respublika Günü ilə bağlı rəsmi qəbul keçirilib

Tədbirdə Tacikistanın xarici işlər naziri Sirocaddin Aslov da iştirak edib

Bakı. 26 may. REPORT.AZ/ Düşənbə şəhərində “28 may – Respublika Günü” ilə bağlı rəsmi qəbul keçirilib. Bu barədə “Report”a Azərbaycanın Tacikistandakı səfirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycan və Tacikistanın dövlət himnləri səsləndirilib. Tacikistanın xarici işlər naziri Sirocaddin Aslov və Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov çıxış ediblər.

S.Aslov Azərbaycan xalqını Tacikistan hökuməti adından “Respublika günü” münasibətilə təbrik edib: “Azərbaycan və tacik xalqları tarixən eyni mədəniyyəti, din və dili daşımaqla dost və qardaşlıq mühitində yaşamışlar. Azərbaycan dövlətinin son illər əldə etdiyi uğurlar bizi sevindirməyə bilməz. Əlbətdə ki, bu uğurların əldə edilməsində Azərbaycan xalqının lideri Heydər Əliyevin rolunu xüsusi qeyd etmək lazımdır. Azərbaycanın Prezidenti cənab İlham Əliyevin ötən ilin 15-16 oktyabr tarixlərində Tacikistana həyata keçirdiyi rəsmi səfər və Prezident cənab E.Rahmonla aparılan danışıqlar nəticəsində iki ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən edən yeni sənədlər imzalandı. Bizim müqəddəs vəzifəmiz xalqlarımızın rifahı naminə əməkdaşlıq əlaqələrimizi bundan sonra da qarşılıqlı maraqlar əsasında davam etdirməkdir”.

Səfir A.Həsənov çıxışında 23 ay mövcud olmuş şərqin ilk demokratik parlamentli respublikası olan Azərbaycan Demokratik Respublikasının yaranması və əhəmiyyəti barədə danışıb, Azərbaycanın 71 il sovet hakimiyyətinin tərkibində qaldığı illərdə enişli və yoxuşlu yol keçdiyini qeyd edib. “ADR təəssüflər olsun ki, 28 aprel 1920-ci ildə 11-ci qızıl ordunun hücumuna müqavimət göstərə bilmədi və bolşeviklər tərəfindən süquta uğradıldı. Sovet hakimiyyəti dövründə Azərbaycanın inkişafı, xüsusilə kənd təsərrüfatı, sənaye və digər sahələrin dirçəlməsi 1969-1982-ci illərdə Heydər Əliyevin hakimiyyətdə olduğu dövrə təsadüf edir”.

Səfir A.Həsənov 1991-ci ildə yenidən müstəqillik əldə edən Azərbaycanın ilk illərdə müharibə və xaosla üzləşdiyi, nəticədə torpaqların 20%-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, 1 milyondan artıq qaçqın və məcburi köçkün ordusunun yaranması barədə danışıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə səfir A.Həsənov bildirib ki, BMT TŞ-nin Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd şərtsiz azad olunması barədə 4 qətnaməsinin olmasına baxmayaraq Ermənistan bu qətnamələri bu günə qədər yerinə yetirmir. Münaqişənin hələ də həll olunmaması region üçün böyük təhlükə yaradır.

Səfir çıxışında vurğulayıb ki, bu il iyunun 12-də başlanacaq Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycanın sabitliyindən, beynəlxalq arenadakı nüfuzundan, dinamik inkişafından və sosial problemlərin həll olunmasından xəbər verir.

Tədbirdə Tacikistanın ilk prezidenti Kahar Mahkamov, keçmiş xarici işlər naziri Xamroxon Zarifi, bu ölkə Ali Məclisinin deputatları, ABŞ, Rusiya, İİR, Pakistan, Belarusiya, Qırğızıstan, Türkmənistan, Özbəkistanın səfirləri, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri, elm-mədəniyyət xadimləri, jurnalistlər və yerli diaspora üzvləri iştirak ediblər.

Tədbirdə “Azərbaycan son 20 ildə” filmi böyük ekranda nümayiş etdirilib, 28 may – Respublika Günü ilə bağlı Azərbaycan, tacik, ingilis və rus dillərində hazırlanmış pres-relizlər, Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialını əks etdirən təbliğat materialları paylanılıb.       

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi