Bakı. 18 aprel. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 18-də və 19-da Beynəlxalq Miqrasiya Təşkilatının Miqrasiya üzrə Beynəlxalq Dialoqu çərçivəsində “2018-ci ildə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal vəhdət istiqamətində beynəlxalq əməkdaşlığın və idarəetmənin gücləndirilməsi” mövzusunda Nyu-York şəhərində keçirilən tədbirdə iştirak edir.
Miqrasiya Xidmətinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Beynəlxalq Miqrasiya Təşkilatına üzv dövlətlər tərəfindən 2016-cı il sentyabrın 19-da qəbul olunan “Qaçqınlar və miqrantlar üçün Nyu-York Bəyannaməsi”nin II Əlavəsində 2018-ci ildə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal razılığın qəbul olunması məqsəd kimi qarşıya qoyulmuş və bu məqsədə çatmaq üçün BMqT-nin əsas siyasi forumu olan Miqrasiya üçün Beynəlxalq Dialoq çərçivəsində müzakirələrin aparılması qərara alınıb.
Miqrasiya üzrə Beynəlxalq Dialoq çərçivəsində hazırda keçirilən ilk tədbirdə miqrasiya sahəsində beynəlxalq idarəetmə və əməkdaşlığın müzakirə olunması nəzərdə tutulub.
Tədbirdə miqrasiya ilə bağlı davamlı inkişaf hədəfləri, o cümlədən miqrasiyaya dövlətin və cəmiyyətin yanaşması, eləcə də təhlükəli vəziyyətdə olan miqrantların müdafiəsi üzrə miqrasiya idarəetməsinin gücləndirilməsi, əmək miqrasiyasının asanlaşdırılması, beynəlxalq standartlara uyğun qayıdış və reinteqrasiyanın təşkili, həmçinin təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın sadələşdirilməsi üzrə əməkdaşlıq və icra mexanizmləri kimi mövzulara dair fikir mübadiləsinin aparılması planlaşdırılıb.
Bu tədbirin nəticələri Nyu-York Bəyannaməsində nəzərdə tutulduğu kimi, miqrasiyanın müxtəlif aspektlərini əhatə edən tövsiyələrin müəyyən edilməsi və qlobal vəhdətin hazırlanması prosesinə töhfə verəcək. Hazırlanacaq qlobal vəhdət təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin edilməsinə, miqrantların hüquqlarının müdafiəsi və rifahının təmin edilməsinə, məcburi və qanunsuz miqrasiya hallarının və onun təsirlərinin azaldılmasına və böhranlar zamanı yerdəyişmələrin idarə edilməsinə yönələcək.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevinçıxışı nəzərdə tutulub.