"Sizin Azərbaycana gəlişinizdən əvvəl məlumatlara nəzər saldım və gördüm ki, Birləşmiş Krallıqdan Azərbaycana 30 milyard dollardan çox investisiya yatırılıb. Bu, həqiqətən də çoxdur".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbul edərkən deyib.
"Bu, bizim inkişafımıza kömək edib. Bu, bizə nəinki təkcə neft və qaz sənayesini inkişaf etdirməyə kömək edir, eyni zamanda, ümumi inkişafımıza kömək edir. Çünki, bu investisiya bizim büdcəmizə daxil olan və qeyri-neft sahələrinə təkrar investisiya kimi yatırdığımız gəlirlərə gətirib çıxarmışdır. Bu gün əməkdaşlıq çox fəal şəkildə davam edir. BP 30 il ərzində və ən azından bundan sonra da 30 il ərzində bizim strateji tərəfdaşımızdır, çünki yeni perspektivlər var, yeni müqavilələr imzalanıb", - dövlət başçısı bildirib.