Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması həm də Azərbaycan – Rusiya münasibətlərinin və iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər iki ölkənin münasibətləri yüksək idi, sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək.
C.Məmmədov qeyd edib ki, Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasına Amerikanın reaksiyası ciddi təəssüf doğurur: “Dövlət Departamentinin nümayəndəsinin bu məsələni şərh edərkən Rusiyanın “etibarsız müttəfiq olduğunu” bildirməsi, sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlamaması, əksinə, mənfi tərzdə şərh etməsi Amerikanın riyakayarlığının göstəricisidir. Bu bir daha onu göstərir ki, Amerika və Fransa münaqişənin həllinin ən böyük əleyhdarlarıdırlar və onlar münaqişənin bitməsini istəmirlər”.
Deputat bildirib ki, indiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoydu: “Əslində, Amerika münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlayaraq Azərbaycanı təbrik etməli idi. Əks mövqe ortaya qoyması bir daha göstərir ki, Amerika regionda davamlı sülhün təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür”.