Deputat: "Buça hadisələrini qınayanlar Xocalı soyqırımına göz yumurlar"

Deputat: "Buça hadisələrini qınayanlar Xocalı soyqırımına göz yumurlar" “Ukraynanın Buça şəhərində baş vermiş hadisə bizə tanış mənzərədir. Buçada olan hadisələrə görə Rusiyanın BMT İnsan hüquqları Şurasından çıxarılması və fəaiyyətinin dayandırılması həyata keçirilib”.
Xarici siyasət
8 Aprel , 2022 17:12
Deputat: Buça hadisələrini qınayanlar Xocalı soyqırımına göz yumurlar

“Ukraynanın Buça şəhərində baş verənlər bizə tanış mənzərədir. Çünki Buça hadisələri Xocalı soyqırımına bənzərdir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Ermənistanın 1992-ci il fevral ayının 26-da Xocalıda dinc azərbaycanlılara qarşı soyqırımı törətdiyini və etnik təmizləmə həyata keçirdiyini xatırladan deputat vurğulayıb ki, dünya tarixində, bəlkə də, buna bənzər bir vəhşilik, vandallıq və soyqırımı olmayıb: “Çünki ermənilər Xocalıda xüsusi qəddarlıq və xüsusi amansızlıq ediblər. Təəssüf ki, bunun qarşılığında Ermənistana indiyədək heç bir təzyiq göstərilməyib və sanksiya tətbiq olunmayıb. Əksinə, Ermənistan bu gün BMT-nin İnsan Hüquqları Şurasının üzvüdür. Digər tərəfdən ermənilər təkcə Xocalı soyqırımını törətməyiblər. Onlar Azərbaycan xalqına qarşı digər soyqırımlar törədib, Ağdabanda, Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrində xalqımıza qarşı etnik təmizləmələr aparıblar".

Vətən müharibəsi dövründə ermənilərin Azərbaycanın yaşayış məntəqələrini və dinc sakinlərini hədəf aldığını xatırladan deputat deyib ki, Ermənistan o zaman da BMT-nin İnsan hüquqları Şurasının üzvü idi: "Döyüşlərin getdiyi ərazidən 100 kilometrlərlə aralıda xalqımıza qarşı növbəti soyqırımılar törətdilər. Onlar Gəncəni, Bərdəni, Ağcabədini və digər yaşayış məntəqələrimizi xüsusilə gecə saatlarında qadağan olunmuş raketlərlə atəşə tutub bombalayırdılar. Bizim dinc şəhərlərimizi bombalayan, qətliamlar törədən bu ölkə BMT-nin İnsan hüquqları Şurasının üzvüdür və bu heç kəsi narahat etmədi. Bu gün Buça kimi faciələrin yaşanmasının səbəbi isə bir zamanlar Azərbaycana qarşı törədilmiş soyqırımlara və qətliamlara görə ermənilərin cəzalandırılmamasıdır. Bunun nəticəsidir ki, bu gün Buça kimi faciələr də törədilməkdədir".

Qeyd edək ki, aprelin 7-də Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb. Rusiyaya qarşı belə sərt tədbirin görülməsi Ukraynanın Buça şəhərində törədilən qətliamdır. Martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.

Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb. Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib. Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilib.

Bəli, dünya, o cümlədən Qərb Buçadakı hadisələrə vahid mövqedən yanaşır, qətliamı pisləyir. Bu, təqdirəlayiq münasibətdir.

Amma yaxın keçmişdə baş vermiş bir çox hadisələr Qərbin hətta soyqırım və qətliamlara da ikili standartlarla yanaşdığını göstərir. Azərbaycanlılar üçün Buçadan yayılan görüntülər tanış mənzərədir. Çünki Buça bizim üçün Xocalıdır. Bu soyqırımı da Ermənistan törədib. Bu gün də Ermənistan BMT İnsan Hüquqları Şurasın üzvüdür. İrəvan rəsmisi bura 2020-ci ildə Şərqi Avropa regionundan seçilib və səlahiyyət müddəti 2022-ci ili də əhatə edir. 44 günlük müharibə dövründə də Ermənistan Şuranın üzvü idi. Gəncə, Bərdə, digər şəhərlərdə dinc sakinləri gecə raketlərlə bombalayan ölkə Şuranın üzvü idi və bu heç kəsi narahat etmirdi. Bu gün Buça kimi faciələrin yaşanmasının səbəbi həm də 1992-ci ildə Xocalı faciəsini törədənlərin cəzalandırılmaması, sanksiyalarla üzləşməməsi, beynəlxalq təşkilatlarda başda əyləşdirilməsidir.

Son xəbərlər

Orphus sistemi