Yuxarı

Daşkənddə ulu öndər Heydər Əliyevin xatirə lövhəsinin açılışı olub

Nizami adına Daşkənd Dövlət Pedqoji Universitetinin iki tələbəsinə Heydər Əliyev təqaüdü təqdim edilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə Heydər Əliyevin adını daşıyan küçədə xatirə lövhəsi açılıb.

Mərkəzdən "Report"a verilən məlumata görə, xatirə löhvəsi ulu öndərin adını daşıyan Mədəniyyət Mərkəzinin qarşısında vurulub.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev H.Əliyevin müstəqil Azərbaycanın qurucusu olduğunu, ölkənin bugünkü səviyyəyə çatmağında ulu öndərin böyük və danılmaz xidmətlərinin olduğunu deyib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Heydər Əliyevin iki ölkə arasında dostluq münasibətlərinin inkişafında xidmətlərindən danışıb, məhz ümummilli liderin Özbəkistana səfəri zamanı Azərbaycan səfirliyinin açılışı olduğunu qeyd edib.

Daha sonra iştirakçılar ulu öndərin büstünün qarşısına əklil və gül dəstələri düzüblər.

Mədəniyyət Mərkəzinin Heydər Əliyev Muzeyində davam etdirilən tədbirdə iştirakçılar H.Əliyevə həsr olunan kitab sərgisi ilə tanış olublar və dahi liderin Azərbaycan xalqı qarşısında xidmətlərindən bəhs edən videosüjet nümayiş etdirilib.

Səfir H.Quliyev Nizami adına Daşkənd Dövlət Pedqoji Universitetinin əlaçı tələbələri - Oybek Erqaşova və Firangiz Xaşimovaya "Heydər Əliyev təqaüdü"nü təqdim edib.

Daha sonra özbək tələbələr Azərbaycan dilində ulu öndər Heydər Əliyevə aid şeirlər söyləyiblər.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi