Yuxarı

​Daşkənddə 28 may Respublika günü ilə əlaqədar təntənəli tədbir keçirilib

Tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndilib

Bakı. 21 May. REPORT.AZ/ Daşkənddə 28 may Respublika günü ilə əlaqədar təntənəli tədbir keçirilib.

“Report” xəbər verir ki, 300-dək rəsmi qonağın iştirak etdiyi tədbir Daşkənddəki məşhur "Windham Tashkent" otelində təşkil edilib.

Bayram tədbirində Özbəkistan baş nazirinin müavini Adxam İkramov, çoxsaylı hökümət nümayəndələri, xarici ölkələrin bu ölkədəki səfirləri, diplomatları, nüfuzlu elm, mədəniyyət, ictimai xadimlər, jurnalistlər, mötəbər qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndilib.

Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycanın 1918-ci ildə yaradılmış Azərbaycan Demokrtatik Cümhuriyyətinin varisi olduğunu qeyd edərək, müstəqil Azərbaycanın qazandığı uğurlardan, həyata keçirdiyi nəhəng layihələrdən danışaraq, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü barədə məlumat verib. Səfir Azərbaycan-Özbəkistan arasında yüksək səviyyəli münasibətlərdən danışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Özbəkistanın tutduğu ədalətli mövqeyinə görə, Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə bu ölkənin rəhbərliyinə öz təşəkkürünü bildirib.

Daha sonra səfir Özbəkistanda Azərbaycan səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edən, Azərbaycan haqqında çoxsaylı məqalələrin müəlliflərinə, öz fəaliyyətləri ilə fərqlənən tərcüməçi-alimlərə fəxri fərmanlar və hədiyyələr təqdim edib.

Bayram tədbirində təbliğat məqsədi ilə qonaqlara yalnız Azərbaycan milli yeməkləri və şirniyyatları təqdim olunub, rəsmi qonaqların şərəfinə ziyafət verilib, qonaqlar milli mətbəximizi yüksək qiymətləndiriblər. Qonaqlara dünyaca məşhur Azərbaycan müğənniləri Müslüm Maqomayev, Rəşid Behbudovun ifası ilə romanslar təqdim edilib.

Tədbirin bədii hissəsində Özbəkistanın xalq artisti, dünyada məşhur "Jalla" ansamblının rəhbəri Fərrux Zakirov Azərbaycan xalq mahnılarını ifa edib. 

Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa edərək maraqlı çıxışlar təqdim ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi