Yuxarı

Daha üç ölkənin dövlət başçısı Prezident İlham Əliyevə məktub göndərib

Ölkənizin tərəqqisi və xalqınızın rifahı naminə ən gözəl arzularımı çatdırmaqdan şərəf duyuram

Bakı. 2 iyun. REPORT.AZ/ Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ölkənizin tərəqqisi və xalqınızın rifahı naminə ən gözəl arzularımı çatdırmaqdan şərəf duyuram.

Əminəm ki, birgə səylərimiz nəticəsində Serbiya ilə Azərbaycan arasında mövcud olan, ənənəvi dostluq və qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlıq münasibətləri hər iki ölkənin xalqlarının rifahı naminə daha da inkişaf edəcək.

Bizə xalqlarımız arasında mövcud olan dostluq münasibətlərini möhkəmləndirmək və Serbiya-Azərbaycan əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üzrə öhdəliklərimizi bir daha təsdiq etmək şansı verəcək Avropa Oyunlarının açılışı ilə bağlı Bakıda baş tutacaq görüşümüzü səbirsizliklə gözləyirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləklərimi və ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevin dövlət başçısı İlham Əliyevə göndərdiyi məktubda isə deyilir:

İcazə verin, 28 May - Respublika Günü münasibətilə Sizi təbrik edim və ən xoş arzularımı çatdırım.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında maraq doğuran bütün sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq üçün mükəmməl perspektivlərin olduğunu əminliklə bildirmək istərdim.

Bolqarıstan Respublikası Azərbaycan Respublikası ilə əlaqələrinə yüksək önəm verir. Sizin 2015-ci ilin mart ayında Bolqarıstana rəsmi səfəriniz zamanı imzalanmış Strateji Əməkdaşlıq Bəyannaməsi bunun bariz sübutudur.

Aprel ayında Sizin ölkənizə işgüzar səfərim çərçivəsində səmərəli danışıqlarımızı yüksək qiymətləndirirəm. Bu danışıqların Bakıda keçiriləcək birinci Avropa Oyunlarının bağlanış mərasimi ilə bağlı səfərim zamanı da davam edəcəyinə ümidvaram.

Dost Azərbaycan xalqına və şəxsən Sizə sülh və əmin-amanlıq arzularımı çatdırıram.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

Polşa Respublikasının Prezidenti Bronislav Komorovski də Prezident İlham Əliyevi təbrik edib. Təbrik məktubunda deyilir:

“Sizi və Azərbaycan xalqını Respublika Günü münasibətilə Polşa xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Regionda və Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə xidmət edən Polşa-Azərbaycan əməkdaşlığının uğurlu inkişaf perspektivlərinə çox şadam. Polşa Avropa İttifaqının Azərbaycan ilə siyasi münasibətlərinin formalaşmasında maraqlıdır. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini diqqətlə müşahidə edirik. Yeni əməkdaşlıq müqaviləsinin qəbul edilməsinin Azərbaycan ilə Avropa İttifaqının münasibətlərində mühüm mərhələ olacağına əminəm.

Ümidvaram ki, ölkələrimiz arasında mövcud olan əməkdaşlıq daha da inkişaf edəcək, dostluq münasibətləri getdikcə dərinləşəcək.

Möhtərəm cənab Prezident, Sizə və Azərbaycan xalqına uğurlar arzu edirəm”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi