“Azərbaycan Qoşulma Hərəkatının sədri kimi özünü çox gözəl göstərdi”.
Bunu “Report”a müsahibəsində Çili parlamentinin üzvü Sofiya Sid Versaloviç bildirib.
“Üzv dövlətlərin sayına görə BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatı çox böyük platformadır. Azərbaycan pandemiya ilə mübarizədə də vacib rol oynayıb və bütün dövlətlərin vaksinlərə bərabər çıxış imkanının təmin edilməsində digər dövlətlərə kömək edib. Biz bunu çox yüksək qiymətləndiririk", - o deyib.
Çilili deputat vurğulayıb ki, coğrafi baxımdan uzaq olmalarına baxmayaraq, Çili və Azərbaycan arasında yaxşı münasibətlər qurulub. Dövlətlər bərpa olunan enerji mənbələri sahəsi də daxil olmaqla, iqtisadi əməkdaşlığı möhkəmləndirməyi davam etdirməyə hazırdır.
Xatırladaq ki, Çili parlamentinin deputatlarından ibarət nümayəndə heyəti Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransda iştirak etmək üçün Bakıda səfərdə olub.