Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Bu barədə "Report"a XİN-dən məlumat verilib.
Nazirlər Türkiyədəki meşə yanğınları ilə əlaqədar mövcud vəziyyəti və həyata keçirilən yanğınsöndürmə əməliyyatlarına dair fikir mübadiləsi aparıblar.
Nazir Mövlut Çavuşoğlu Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Azərbaycanın yeni qrup yanğınsöndürənlərin və texniki yardımının göndərilməsi ilə əlaqədar minnətdarlığını ifadə edib. Yanğınsöndürmə prosesinin gedişatı barədə məlumat verən Mövlut Çavuşoğlu Antalyada yanğınların qarşısının alındığı və zərər çəkmiş infrakstrukturun bərpa olunması istiqamətində işlərin getdiyini qeyd edib. Eyni zamanda, bir sıra digər yerlərdə isə yanğının qarşısının alınması üzrə əməliyyatların hələ də davam etdiyini bildirib.
Öz növbəsində Ceyhun Bayramov Azərbaycan tərəfinin hər zaman qardaş Türkiyənin yanında olduğunu və ehtiyac duyulan bütün dəstəyi göstərməyə hazır olduğumuzu vurğulayıb.