Sloveniyanın xarici işlər naziri Tanya Fayon Azərbaycanın Ermənistanla sülh prosesi barədə məlumatlandırılıb.
"Report"un məlumatına görə, bunu Bakıda mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, ikitərəfli görüş zamanı Qafqazda gedən proseslər müzakirə edilib.
"Həmkarıma Azərbaycan torpaqlarının işğaldan azad olunandan sonra bölgədə yaranan yeni imkanlar, fürsətlər barədə məlumat verdim. Sülh sazişi ətrafında gedən proseslər, mart ayında sülh sazişi mətni üzrə danışıqların yekunlaşması, Azərbaycan tərəfinin bu prosesin tam bitməsi üçün Ermənistandan legitim gözləntiləri barədə danışmaq imkanı oldu".
Nazir qeyd edib ki, bu gözləntilər Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə davam edən ərazi iddiaları və tarixə qovuşmuş Minsk qrupunun tam ləğv olunmasını ehtiva edir.
C.Bayramov xatırladıb ki, Azərbaycan Ermənistanla yekun sülh sazişinin imzalanması üçün legitim tələblər irəli sürüb – bu, ölkənin Konstitusiyasına Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı düzəlişlər və ATƏT-in Minsk qrupunun buraxılmasıdır. Sloveniyalı nazir Ermənistanla sərhədin delimitasiyası prosesi barədə məlumatlandırılıb”, - XİN başçısı bildirib və Naxçıvan Muxtar Respublikası ilə ölkənin digər əraziləri arasında birbaşa nəqliyyat əlaqəsinin təmin edilməsinin vacibliyini qeyd edib.