Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurasının (Parlament) sədr müavini Şaxvan Abdullah Əhmədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə "Report" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Görüş zamanı tərəflər, Azərbaycan ilə İraq arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edib və ölkələrimizin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmində olduğunu vurğulayıblar.
Nazir Azərbaycanın İraq ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. İki ölkə arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib. İraqın hər zaman beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına göstərdiyi dəstək minnətdarlıqla qeyd edilib.
İkitərəfli münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin önəmini qeyd edən nazir Ceyhun Bayramov, İraq parlamentini təmsil edən yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimizin parlamentləri arasında və ümumilikdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən İraq parlamentinin sədr müavini Şaxvan Abdullah Əhməd ölkələrimiz arasında mövcud olan müsbət əlaqələri qeyd edərək, Azərbaycanın İraqa göstərdiyi dəstəyi, o cümlədən Azərbaycan tərəfindən göstərilən humanitar yardımı məmnunluqla qeyd edib. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin inkişafının hər iki ölkənin marağına uyğun olduğu və parlamentlərarası dostluq qruplarının bu inkişafa töhfə verdiyi qeyd edilib.
Tərəflər, həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi perspektivləri, o cümlədən iqtisadi, humanitar, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları üzrə fikir mübadiləsi aparıblar.