Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işləri naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, Ceyhun Bayramov İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri, alim Möhsin Fəxrizadənin terror hücumu nəticəsində qətlə yetirilməsi ilə bağlı İranlı həmkarına başsağlığı bildirib.
Azərbaycanın terrordan əziyyət çəkən bir ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi vurğulanıb.
Nazirlər bu həftə ərzində videokonfrans formatında keçirilmiş müzakirələrə əlavə olaraq, ikitərəfli iqtisadi əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Məsələlərin ətraflı şəkildə aidiyyəti qurumlar tərəfindən müzakirə edilməsinin vacibliyi qeyd olunub.
XİN başçıları həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.