"Son aylar Azərbaycanla İran arasındakı münasibətlərdə bəzi ziddiyyətli məqamlarla bağlı suallar ortaya çıxır. Hər iki tərəfdən bununla bağlı fikirlər səsləndirilib. Biz məsələlərə real baxmalıyıq. İstənilən iki ölkə arasında, o cümlədən digər qonşu ölkələrlə də fikir ayrılığı ola bilər. Bu, istisna deyil".
"Report" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O, rəsmi Bakının belə ziddiyyətli məqamların həlli ilə bağlı mövqeyini açıqlayıb: "Azərbaycanın mövqeyi odur ki, fikir ayrılıqları olduğu təqdirdə bunu qonşuluq münasibətləri çərçivəsində müzakirə edərək həll yolları tapılmalıdır. Son həftələr qeyd olunan məqamlarla bağlı iranlı həmkarımla telefon danışıqlarımız oldu. Diplomatik kanallarla rəsmi və qeyri-rəsmi məsləhətləşmələr apardıq. Hesab edirəm ki, həmin məsələlər istiqamətində müsbət addımlar atılıb və bundan sonra da atılacaq. Əminəm ki, İran-Azərbaycan münasibətləri hər zaman olduğu kimi, müsbət məcrada inkişaf edəcək. Bizi iki yaxın qonşu ölkə olaraq birləşdirən bağlar var. Biz birlikdə xalqlarımızın, dövlətlərimizin rifahı üçün layihələr icra edə bilərik".